Logo

I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb

14.06.2024 18:03 242 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradantanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 35966 abituriyentdən (I qrup üzrə 30058 nəfər, IV qrup üzrə 5908 nəfər) 1871 nəfər (I qrup üzrə 1707 nəfər, IV qrup üzrə 164_ nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 11 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. Şəki şəhər 18 saylı orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdı.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunu Əhmədova Nəzrin Ramil qızı göstərib. O, imtahanın birinci mərhələsində 300.0 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697.0 bal) ona məxsusdur.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 iyun saat 10:00-dan 22 iyun saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

Xatırladaq ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat iyunun 19-dək davam edəcək. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçə bilərlər.

Xəbər lenti