Logo

Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edib

14.06.2024 19:19 134 baxış
IMG

Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir, vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır, aidiyyəti üzrə tədbirlər görülür.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin qəbul qrafikinə uyğun olaraq mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü iyunun 14-də Samux rayonunda keçirilib.

Qəbuldan əvvəl nazir və rayonun icra başçısı Firdovsi Əliyev Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Samux şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Samux, Goranboy, Göygöl, Daşkəsən rayonlarından, eləcə də Gəncə və Naftalan şəhərlərindən bir qrup vətəndaşın müraciətlərinə baxılıb. Müraciətlər mədəniyyət sahəsinə dair təklif və təşəbbüslər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub. Həmçinin sahə üzrə bir sıra mövcud problemlər diqqətə çatdırılıb.

Mədəniyyət naziri Adil Kərimli vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı Mədəniyyət Nazirliyinin məsul nümayəndələrinə tapşırıqlar verib.

Qəbul zamanı şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqət göstərilməsi, vaxtında baxılması məqsədilə müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Xəbər lenti