Logo

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub

15.06.2024 14:20 138 baxış
IMG

Beynəlxalq Muğam Mərkəzində “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub.

Tehsil.biz xəbər verir ki, proqram Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə gerçəkləşib.

Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero çıxış edərək iki ölkənin qədim tarixə, dövlətçilik ənənələrinə malik olduğunu deyib. Meksikalı ifaçıların Bakıdakı konsertinin maraqlı olacağını qeyd edən diplomat tamaşaçılara xoş anlar arzulayıb.

Milli Məclisin deputatı, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın səmərəli şəkildə davam etdiyini bildirib. İki ölkə arasında dostluq münasibətlərinin təşəkkül tapdığını, eləcə də parlamentlər səviyyəsində fəal əməkdaşlığın olduğunu qeyd edən J.Əliyeva mədəni tədbirlərin də bu xüsusda əhəmiyyətini vurğulayıb.

Daha sonra meksikalı tenor Luis İtzkoatl və pianoçu Maurisio Duran səhnəyə çıxıblar. Diqqətə çatdırıblar ki, əsas amalları Meksikanın musiqi mədəniyyətini paylaşmaq üçün dünya ölkələrində konsertlər vermək, Meksika musiqisini və poeziyasını təbliğ etməkdir.

İfaçılar maraqlı proqramla çıxış ediblər. Proqrama Meksikanın milli vokal musiqi nümunələri və gənc bəstəkarlarının əsərləri daxil idi.

Konsertin sonunda meksikalı musiqiçilərin Azərbaycan tamaşaçılarına sürprizi də oldu. Unudulmaz Müslüm Maqomayevin “Azərbaycan” mahnısının səslənməsi sürəkli alqışlarla qarşılandı.

Xəbər lenti