Azərbaycan Texniki Universiteti (AzTU), YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.
Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Misir Mərdanov, Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Şahin İsmayılov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Partiyanın üzvləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Əvvəlcə AzTU-nun foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub. Daha sonra ulu öndər Heydər Əliyev və Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Milli Qurtuluş Gününün əhəmiyyəti və önəmindən danışıb. Bildirib ki, 90-cı illərdə Azərbaycanı ağır və dözülməz vəziyyətdən xilas edən lider məhz ulu öndər Heydər Əliyev ola bilərdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, ölkə bütün sahələrdə inkişaf etdi. Bu gün Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində qalib ölkə olan Azərbaycan dünyada söz sahibidir.
Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Misir Mərdanov çıxışı zamanı ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən, onun liderlik keyfiyyətindən, xilaskarlıq missiyasından danışıb.
Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Şahin İsmayılov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev də tarixə qızıl hərflə yazılmış 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqının həyatında müstəsna rolunu xüsusi qeyd ediblər. Qeyd olunub ki, Heydər Əliyev çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlət əmin əllərdədir.
Çıxışlardan sonra bir qrup partiya üzvünə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.