Logo

DSX-nın Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirilib - FOTO

15.06.2024 16:18 432 baxış
IMG

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində 2023-2024-cü tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib.

DSX-nın Mətbuat Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Xüsusi Məktəbin pedaqoji heyəti, kursantlar və valideynlər iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətəninə, xalqına və Ali Baş Komandanına sadiq, bilikli, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qadir kadrların yetişdirilməsində, gələcəyin sərhədçi zabitlərinin ali hərbi təhsil üçün hazırlanmasında Xüsusi Məktəbin böyük rolu olduğunu bildiriblər.

13 il əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyətə başlayan məktəbin qısa müddət ərzində ölkəmizdə böyük nüfuz qazandığı, tədris müəssisəsinin açılış mərasimində, eləcə də 2018-ci ildə ikinci korpusun istifadəyə verilməsi tədbirində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirak etməsinin ölkə rəhbərliyinin sərhəd mühafizəsi məsələlərinə ali diqqət və qayğısının təzahürü olduğu vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırıldıqdan sonra 2024-cü ildə Xüsusi Məktəbi bitirən kursantlara döş nişanları təqdim olunub və məzunların xatirəsini əks etdirən adlı siyahı “Məzun simvolu” olan nar ağacına sancılıb.

Tədbirin sonunda 5-ci və 11-ci sinif kursantların iştirakı ilə məzunların buraxılışına həsr olunan çinar ağacı əkilib.

Xəbər lenti