Logo

“Süni intellekt insanı ağır əməkdən qurtarır” - MÜSAHİBƏ + FOTO

16.06.2024 17:01 438 baxış
IMG

"İndi zaman dəyişib - elm adamları, mühəndislər, texnoloqlar, kimyaçıların həyatı daha rahatdır. Bəstəkarın əsərini isə alan yoxdur. Rəssam bilmir ki, əsərini kimə satsın. Bu, elm adamının yox, texnologiyanın - biotexnologiyanın, nanotexnologiyanın, kompüter mühəndisinin, aqrar texnologiyanın dövrüdür".

Bu sözləri "Kaspi" qəzetinə müsahibəsində Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, "Dünya" məktəbinin həmtəsisçisi, naşir, tərcüməçi Hamlet İsaxanlı deyib.

- Hamlet müəllim, dünyada dövlət universitetləri, yoxsa özəl universitetlər güclü hesab olunurlar?

- Hansısa universitetin necə olması fəaliyyət göstərdiyi ölkədəki ənənəyə bağlıdır. Mərkəzi və Qərbi Avropada olan güclü universitetlərin demək olar ki, hamısı dövlət və ictimai (publik) universitetlərdir. Söhbət Oksford, Kembric, Sarbon kimi məşhur universitetlərdən gedir. Amma oradakı "dövlət universiteti" anlayışı bizdəki "dövlət universiteti" anlayışından xeyli fərqlidir. Çünki Oksford Universiteti Azərbaycanda olan hər hansı özəl ali məktəbdən qat-qat çox müstəqildir. Oksford və ya Kembric universitetləri heç bir işinə, heç bir siyasətinə, məsələn, tələbə qəbul prosesi, hansısa ixtisas açmalarına və s. görə heç kimdən icazə almalı deyil. Onların idarə heyətləri var, özləri planlaşdırır, universitetin strategiyasını, istiqamətini müəyyənləşdirir, rektoru təyin edirlər. Dövlət yalnız maliyyə verə bilər. Maliyyə alan da elə ən güclü universitetlərdir. Onlar güclü olduqları üçün tədqiqat aparırlar. Dövlət müəllimin maaşına pul vermir. Universitet özü qazanır, özü də ödəyir. Fransada bir az fərqlidir, daha mərkəzləşmişdir. Azərbaycana daha çox bənzəyir, müəyyən şeylər üçün icazə almalısan. ABŞ kimi ölkələrdə fərqlidir. İlk iyirmiliyə düşən universitetlərin böyük əksəriyyəti özəl universitetlərdir. Özəl universitetdən sonra publik universitetlər gəlir. Bu o demək deyil ki, publik universitetlərin arasında özəl universitetlərlə yarışanı yoxdur. Publik universitetlərin bir hissəsi çox güclüdür. Məsələn, Berkli publik universitetidir. Sonuncu kateqoriya dövlət universitetlərdir. Dövlət universitetləri içərisində tək-tək universitetlər olur ki, yarışa girir.

Yaponiyada əvvəl dövlət universitetləri güclü olub, sonra özəl sektor inkişaf edib. Çində dövlət sektoru olub, amma bir neçə çox güclü özəl universitet qurublar. Hər ölkə tarixi ənənəsinə, inkişafına uyğun universitet qurub. Azərbaycana gəlincə, sovet dövründə "özəl" anlayışı yox idi. Yeni dövrdə yeni ideyaları biz gətirdik. Necə ki, dövlət universitetləri hər yerdə, o cümlədən Azərbaycanda eyni səviyyədə deyil, eyni qaynaqları yoxdur, özəl universitetlər də yarananda fərqli-fərqli oldular. Onların da güclüsü, ortası, zəifi, çox pisi var. Dövlət universitetləri də o cürdür. Amma özəl universitetlərin bir xüsusiyyəti var ki, onlar daha çox rəqabət içərisindədirlər. Bu, onları qoruyur.

- Bəzi universitetlər öz missiyasını təhsil və sosial sahədə yeni tip mütəxəssislər hazırlamaqda görürlər. Bu yeni mütəxəssislərin hansı peşəkar və "yumşaq" bacarıqları var?

- Birincisi, danışdıqlarının çox hissəsi təbliğatdır. Deyilən sözlərin çoxunun arxasında real əməl yoxdur. Zaman çox dəyişdiyi üçün dövrə uyğun olaraq ixtisasların da strukturu dəyişir. Müəyyən ixtisaslara ehtiyac çox artır, bəzi resurslara ehtiyac köhnəlir. Məsələn, bu yaxınlarda Ankarada partnyorlarımız olan Orta Doğu və Bilkent universitetlərinin rektorları ilə görüşdüm. Bilkent Universitetinin rektoru dedi ki, onların ən populyar ixtisası həmişə elektrik, elektronika və mühəndislik olub. Hazırda kompüter mühəndisliyi birinci yerə keçib. Bizim universitetdə də elədir: kompüter mühəndisliyində təxminən 100 uşaq oxuyur. Onların təhsil haqqını dövlət ödəyir. Çünki yüksək balla gələnlər dövlət sifarişi ilə gəlir. Keçən tədris ilində də tələbələrimizin 66 faizi dövlət sifarişi ilə gəlib. Universitetlərin yeni ixtisaslar üzrə mütəxəssisləri necə hazırlaması da vacib amildir. 10 il əvvəlki kompüter elmləri ilə bugünkü arasında kəskin fərq var. Dəyişiklik o qədər sürətlə gedir ki, Azərbaycanda universitetlərin böyük əksəriyyəti heç onu izləyə bilmirlər. Ona görə ki, Azərbaycanda kompüter elmi sahəsində məktəb olmayıb. Bu sahə üzrə Azərbaycanda bir nəfər də xaricdə doktorluq müdafiə etmiş mütəxəssis yoxdur. Yenilik, əsasən ABŞ, Yaponiya, İngiltərə, Çin, İsraildədir. Bu qədər yaxşı uşaqlar gəlir, onlara kim dərs desin? Ona görə bu sahədə çalışan müəllimlərimizin 90 faizi xaricilərdir. Biz xaricdən yaxşı mütəxəssis gətirməyə məcburuq. Populyar ixtisasın müasir tələblərə uyğun gəlməsi üçün ona o cür müəllim verməlisən. Sənin dünya ilə bağlılığın olmalıdır. Bəzi universitetlər bu işi görə bildikləri üçün bir addım öndədirlər.

Yaxşı doktoranturada oxuyanların çox olması elm, texnologiya deməkdir. Bu günlərdə Nobel mükafatçısı Əziz Sancar AMEA-dakı görüşündə "Türk dünyası və Çin" adlı təqdimat etdi. ABŞ-də məşhur "Təbiət" jurnalının sonuncu nömrəsini göstərib dedi ki, bu jurnalda doqquz elmi məqalə var, onun yeddisini çinlilər yazıb. Kim dünyadakı bu dəyişmələri izləyə və işində tətbiq edə bilirsə, qabağa getmək ehtimalı var. Kim bu yeniliklərlə maraqlanmırsa, sadəcə əyalət məktəbi qurur. Heç yana düşə bilməyən adamlar beş manat pul verib oradan bir diplom alacaqlar. Sabah o diplomun da heç bir xeyri olmayacaq. Zamanın fərqini öz işində göstərə bilən ali məktəblər rəqabətdə irəli çıxa biləcəklər. Bu, artıq dünya rəqabətidir. Kiminsə "Azərbaycanda bir universitet niyə Oksfordla yarışmır" deməsi gülməlidir. Çünki Oksford 800 ildir qurulub. İngiltərə bu gün də dünyanın elm mərkəzlərindən biridir. Heç Almaniyada, Fransada da Oksforda bənzəyən universitet yoxdur. Çalışmalıyıq ki, Oksford universiteti hansı yolla gedirsə, biz də ona bənzər olan bir yolla gedək. Aydındır, orada olan professor məndə olmayacaq, amma mən istəyirəm ki, Oksfordda dərsi hansı kitabdan keçirlərsə, o kitabı oxutdurum. İstedadlı tələbə onu başa düşəcək, sonra ardını Oksfordda keçəcək.

- Azərbaycan təhsili rəqəmsal təhsilə necə transformasiya olunur?

- Bu günlərdə kompüter elmləri üzrə kafedrada tədris proqramlarını yeniləşdirməklə bağlı müzakirələr oldu. İki il bundan əvvəl yeniləmişdik. Məsələn, Elm və Təhsil Nazirliyinin standartları ilə bizimki düz gəlmir. Çünki biz daim dəyişirik. İndi kim süni intellekt keçmirsə, qəribə görünür. Biologiya, linqvistika kimi sahələr də həmin kompüter elmləri olmadan inkişaf edə bilmir. Nanotexnologiya, biotexnologiya da rəqəmsallaşmadan, kompüterləşmədən faydalanırlar.

- Belə bir fikir var: 60-cı illər fiziklər, 90-cı illər hüquqşünaslar, humanitar və iqtisadçılar dövrü olub. İndiki dövrü də yəqin süni intellekt dövrü kimi xarakterizə edəcəklər...

-"Fiziklər-liriklər" deyilən problem var. Bir var, maddi nemətləri yaradan sahələr - təbiət elmləri, mühəndis və texnologiya. Bir də var, zövq, ruh üçün olan sahələr - ədəbiyyat, musiqi və s. Zaman göstərir ki, bunların ikisi də lazımdır. Amma dövlətlər İsaak Nyutonunun dövründən başlayaraq təbiət elmləri və mühəndisliyə daha çox fikir veriblər. Çünki körpünü onlar salıblar, televiziyanı onlar yaradıblar və s. Bundan da liriklər həmişə şikayət ediblər. Sovet dövründə bir balans vardı - ikisinə də fikir verirdilər. Bəstəkarın, rəssamın əsərinə, şairin hər sətrinə görə pul verirdilər. Səməd Vurğun Azərbaycanın ən zəngin adamı idi. İndi zaman dəyişib, mühəndislərin, texnoloqların, kimyaçıların həyatı daha rahatdır. Bəstəkarın əsərini isə alan yoxdur. Rəssam bilmir ki, əsərini kimə satsın. Bu dövr elm adamının yox, texnologiyanın - biotexnologiyanın, nanotexnologiyanın, kompüter mühəndisinin dövrüdür.

- Bəs əmək bazarı necə, texnologiya dövrünə adekvatdırmı?

- Kompüter elmlərinə birinci kurs tələbələri gəlir. Proqram yazıb şirkətlərdən xeyli pul qazanırlar. Mühəndislikdə oxuyan tələbələrin çoxunu artıq üçüncü kursda işə çağırırlar. Buraxmasaq, universiteti atıb gedəcəklər, buraxacağıq, pis oxuyacaqlar. Onlar üçün xüsusi çalışırıq: dərslərini şənbə-bazar günlərinə salırıq. Dərs deyənlərin bir qismi də xarici şirkətlərdə çalışdıqlarından həmin günlər gəlirlər. Tələbələrimizin xeyli hissəsi universiteti qurtarmamış işləyirlər, onları əl-əl axtarırlar. Amma bu ədəbiyyatçıya, tarixçiyə aid deyil. Onlar həmişə iş axtarırlar. Mühəndislər də zəif universitetləri qurtarıblarsa zəif iş tapırlar. Baxmayaraq ki, ixtisas yaxşıdır, deyirlər ki, filan yeri qurtarıb, orada savad vermirlər. Yəni ixtisasdan başqa, diplomu kimin verməsi də önəmlidir.

- Bu il buraxılış imtahanlarından 300 bal toplayan şagirdlərin sayı keçən illə müqayisədə xeyli çox oldu. Sizcə, bir il ərzində nə baş verdi ki, belə bir dönüş yarandı?

- Bunun dəqiq elmi izahı yoxdur. Görürsən, müəllimlər deyirlər ki, bu il gələn coğrafiyaçılar keçən ildəkilərdən zəifdirlər. Növbəti il "bu il yaxşı uşaqlar gəliblər" deyirlər. Bunun səbəbini dəqiq bilmək olmur. Məktəblərdə müəllimlər dəyişirlər. Yaxşı bir müəllim təqaüdə çıxır, yeni gələn müəllim onu əvəz edə bilmir. Dövlət məktəblərinin əksəriyyətində uşaqlar yuxarı siniflərdə adlarını məktəbə yazdırırlar, hazırlıqlara gedirlər. Repetitorluqda yaxşı olan bəzən gəlib universitetdə özünü doğrultmur. Bəzən elə olur ki, uşaq nisbətən zəif qiymətlə gəlir. Sonra burada elə açılır ki... Görünür, uşağın daxilində potensial olsa da, ya ailəsində onun imkanına fikir verməyiblər, ya məktəbi, ya da müəllimi zəif olub. Və yaxud, yaxşı balla daxil olan uşaq universitetdə orta oxuyur. DİM-in testləri dəyişməsi də səbəb ola bilər. Testin suallarını bir balaca çətinləşdirsən qiymətlər aşağı düşür, bir balaca asanlaşdırsan qiymətlər yuxarı qalxır. İndi uşaqların bir hissəsi ali təhsil üçün xaricə gedir. Yaxşı uşaqlar seçilib bir hissəsi Türkiyəyə, bir hissəsi Almaniya və s. gedəndə ölkədə qalan uşaqların zəiflik faizi çoxalır.

- Söz düşmüşkən, xaricdə təhsilə kütləvi axın var.

- 90-cı illərdə biz ABŞ-nin Kaliforniya Universitetindən qrant aldıq. Oranın proqram direktoru deyirdi ki, çalışın, bakalavr səviyyəsində xaricə çox uşaq göndərməyin. Çünki bakalavr ali məktəbin aşağı pilləsidir. Burada yaxşı ali məktəb olsa, uşaq bakalavrda öyrənəcək. Çünki faktiki ali məktəbə gələn uşaq ana uşağıdır. Birdən-birə xaricdə fərqli mühitə düşəndə stress olur, başqa dil, şəraitlə qarşılaşır və ya pis yola düşə bilir və s. Amma bakalavr pilləsini qurtarıb xaricdə magistraturaya daxil ola bilsə, artıq yetişmiş adam olur. Xaricə gedənlər yaxşı universitetdə oxumaq istəyirlər. Avropaya, Amerikaya gedə bilməyənlər heç olmasa Türkiyədəki yaxşı universitetdə oxumağa çalışırlar. Türkiyənin Avropa universitetlərinə yaxın 10-12 universiteti var.

- Bu yaxınlarda elm və təhsil naziri "biz tədqiqatçı yetişdirə bilmirik, ən yaxşı halda mütəxəssis yetişdiririk", - deyə bildirib. Çıxış yolunu elmi tədqiqat institutlarının birləşməsində, eyni statusluların ixtisarında və universitetlərin nəzdinə verilməsində görənlər var. Sizin fikirləriniz necədir?

- Bizim universitet işə başlayanda həmişə fikirləşmişəm ki, bura elmi tədqiqat universiteti olacaq. Bilirəm ki, bu, ölkənin nüfuzunu göstərən amildir. Azərbaycanın Elmlər Akademiyası dünyanın heç bir ölkəsində yoxdur. Məsələn, Almaniya EA-nın bir ikimərtəbəli binası var. Çünki orda akademiya müxtəlif universitetlərdə işləyən alimlərin birliyidir - Yazıçılar Birliyi kimi. AB,-də, İngiltərədə də elədir. "On min adamlıq akademiya saxlayım, hamısının maaşını verim", hökumətlər bunu edə bilməz. Fikrimcə, bizdə də hökumət islahat etməlidir. Gürcüstan, Baltikyanı ölkələr etdilər. Bizdə müzakirələr getdi, təkliflər səsləndi, amma yarımçıq bir iş görüldü. Dedilər təbiət elmi institutlarını verək Elm və Təhsil Nazirliyinə, humanitar sahə qalsın akademiyada. Dünyadakı akademiyalar humanitar sahələr üzərində yox, təbiət elmləri üzərində qurulur. İslahatın yarımçıq olması islahat aparmamaqdan daha pisdir.

- Bu gün bir çox peşə sahələrində verilən sual: süni intellekt müəllimi əvəz edəcəkmi?

- Qətiyyən mümkün deyil. Süni intellekt var və güclənir. Bu, həmişə olub. Məsələn, evində oturub heç nəyə dəymədən televiziyaya baxırsan, radioya qulaq asırsan. Bu, süni intellektdir. İndi deyirsən "dostuma bir təşəkkür məktubu yaz", süni intellekt onu yazır. Sənayeləşmənin, texnologiyanın yeni bir dövrüdür. Süni intellekt insanı ağır əməkdən qurtarır. Əvvəllər insanların ürəyi tutanda ölüb gedirdilər. İndi xəstəxanalarımızda maşın-mexanizmlərin, texnologiyaların köməyi ilə ürək əməliyyatı edən nə qədər həkimlərimiz var. Süni intellekt maşın-mexanizmlərin keyfiyyətinin, həssaslığının artmasıdır. Süni intellekt istənilən halda bir cihazdır. Onu insan icad edir, təkmilləşdirir və idarə edirsə, o, insanı necə əvəz edə bilər?

- Sonuncu sualım: müasir və milli dəyərləri kombinə edən təhsilin açarını tapmaq çoxmu çətindir?

- Hesab etmirəm ki, çətindir. İnsan müəyyən dəyərləri seçir. Bu, onun vicdanıdır. Məsələn, valideynə xidmət etmək övladın borcudur. Təhsildə də milli və bəşəri dəyərləri, maddi və ruhi dəyərləri birləşdirmək olar. Əslində, düzgün təhsil ona deyirlər. Kimliyimizdə o qədər yaxşı dəyərlər var ki, onları itirmək olmaz.

Xəbər lenti