Logo

Azərbaycanın Xalq rəssamı “Birlik ulduzları” mükafatının laureatı olub

18.06.2024 19:00 164 baxış
IMG

Azərbaycanın Xalq rəssamı, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Sakit Məmmədov “Birlik ulduzları” dövlətlərarası mükafatının laureatı olub.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, “Birlik ulduzları” dövlətlərarası mükafatının verilməsi üzrə şura MDB-nin 2023-cü il üçün əsas humanitar mükafatının laureatlarını elan edib. Mükafat hər il Birlik dövlətlərinin nümayəndələrinə humanitar sahədə dünya nailiyyətlərinin səviyyəsinə uyğun gələn işlərə və MDB ölkələrinin hər birinin, habelə bütövlükdə Birliyin inkişafına töhfə verən ən mühüm nailiyyətlərə görə verilir.

Bu il yüksək mükafat uğrunda 7 ölkədən 11 namizəd mübarizə aparıb. Bütün MDB ölkələrinin tanınmış mədəniyyət və təhsil xadimlərinin daxil olduğu münsiflər heyətinin qərarı ilə mükafatlar yeddi iddiaçıya verilib.

“Mədəniyyət və incəsənətdə müstəsna xidmətlərinə görə” nominasiyası üzrə “Birlik ulduzları” mükafatının qalibləri aşağıdakılar olub: Azərbaycanın xalq rəssamı, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Sakit Məmmədov, Qazaxıstan Milli Dram Teatrının aktyoru, professor, Milli İncəsənət Akademiyasının, Qazaxıstan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Tunqışbay Camankulov və estrada müğənnisi, Özbəkistanın Xalq artisti Yıldız Usmanova.

“Elm və təhsil sahəsində görkəmli töhfələrə və nailiyyətlərə görə” nominasiyasında qaliblər Belarus Mədəniyyəti, Dili və Ədəbiyyatını Araşdırma Mərkəzinin (Belarus) müəlliflər komandası və Tacikistan Milli Universitetinin professoru, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Davlat Solixzoda.

“Humanitar fəaliyyətə müstəsna töhfəsinə görə” nominasiyası üzrə mükafat Olimpiya çempionu, Ümumrusiya Məktəb İdmanları Federasiyasının prezidenti, Əməkdar idman ustası İrina Rodnina və Respublika İdman, Bədən Tərbiyəsi və Mədəniyyət Mərkəzinin direktor müavini, Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Damira Alışbayevaya verilib.

Mükafatların təqdimatı mərasimi sentyabrda MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının qarşıdan gələn Forumu çərçivəsində Ufada baş tutacaq.

Xəbər lenti