Logo

Dövlət Proqramı çərçivəsində 2024–2025-ci tədris ili üzrə sənəd qəbulu başa çatır

19.06.2024 13:14 818 baxış
IMG

İyunun 20-də 2024–2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulu başa çatır.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, qəbul zamanı namizədlər tərəfindən Dövlət Proqramına təqdim edilən sənədlərdə ÜOMG (magistratura səviyyəsi üzrə) və ya BTP (Beynəlxalq Təhsil Proqramı) nəticələri şərt olaraq qoyulduğu təqdirdə, müraciətçilərin sənədlərinə Dövlət Proqramı çərçivəsində baxılacaq.

Dövlət Proqramı çərçivəsində 2024–2025-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 2023-cü il noyabrın 13-də ictimaiyyətə təqdim edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz həmin siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.

Namizədlər, həmçinin müvafiq reytinq cədvəllərində universitetlər üzrə ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə bakalavriat və ya magistratura proqramlarından əldə etdikləri qəbul sənədləri əsasında müsabiqədə iştirak edə bilərlər. Bununla yanaşı, bu il ilk dəfə mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları ilə bağlı namizədlərin müraciətləri qəbul ediləcək.

Qeyd edək ki, 2024–2025-ci tədris ili üzrə qəbul nəticələrindən asılı olaraq, iyul ayında ikinci sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.

Proqrama qəbulla bağlı müvafiq elanla buradan tanış olmaq mümkündür.

Xəbər lenti