Logo

Naxçıvanda sertifikatlaşdırma imtahanı üçün hazırlıq işləri başa çatıb

19.06.2024 20:57 246 baxış
IMG

Naxçıvanda ilk dəfə mərkəzləşmiş qaydada keçiriləcək təhsilverənlərin sertifikatlaşdırma imtahanı üçün hazırlıq işləri yekunlaşdırılıb.

Tehsil.biz xəbər verir ki, iyunun 21-də ölkə üzrə ilk dəfə cəlb olunacaq riyaziyyat müəllimləri üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu il ilk dəfə muxtar respublikanın ümumtəhsil məktəblərində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri də mərkəzləşmiş qaydada keçiriləcək sertifikatlaşdırma prosesində iştirak edəcək.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək imtahanların şəffaf təşkili üçün artıq Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə hərtərəfli şərait yaradılıb, səs və görüntüləri qeyd edən veb kameralar quraşdırılıb.

İmtahanlar elektron daşıyıcılar vasitəsilə aparılacaq və imtahan yekunlaşdıqdan sonra təhsilverənlərin nəticələri binanı tərk etmədən onlara elan olunacaq.

Elektron daşıyıcıların istifadə qaydaları ilə bir daha tanış olsunlar və test imtahanına gələrkən yalnız şəxsiyyəti təsdiq edən sənədi özləri ilə gətirsinlər. İmtahan binasına çanta və ya digər şəxsi əşyalar buraxılmayacaq.

Xəbər lenti