Logo

Almatıda “Aybın” gənclərin X Beynəlxalq hərbi-vətənpərvərlik toplanışına start verilib - FOTO

19.06.2024 21:53 541 baxış
IMG

Almatıda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistandan olan gənc vətənpərvərlərdən ibarət komandaların, ümumilikdə, 14-17 yaş arası 750 oğlan və qızın iştirak etdiyi “Aybın” gənclərin X Beynəlxalq hərbi–vətənpərvərlik toplanışına start verilib.

Tehsil.biz xəbər verir ki, tədbir Sovet İttifaqı Qəhrəmanı, 1 nömrəli Xalq qəhrəmanı, müstəqil Qazaxıstanın ilk müdafiə naziri, ordu generalı Saqadat Nurmaqambetovun anadan olmasının 100 illiyinə həsr edilib.

Toplanışın təntənəli açılışı görkəmli sərkərdənin adını daşıyan Quru Qoşunlarının Hərbi İnstitutunda olub. Tədbir Saqadat Nurmaqambetovun abidəsi önünə əklillərin qoyulması ilə başlayıb. Qazaxıstan Respublikası Təhlükəsizlik Şurasının katibi Gizat Nurdauletov, müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkov, Milli Qəhrəmanın qızı Aysulu Nurmaqambetova və xarici nümayəndə heyətlərinin əməkdaşları fəxri qarovul dəstəsinin müşayiəti ilə Qazaxıstan Silahlı Qüvvələrinin Milli Hərbi-Vətənpərvərlik Mərkəzinin Mərkəzi Hərbi Orkestrinin təntənəli sədaları altında tanınmış cəbhəçinin xatirəsini ehtiramla yad ediblər.

Qazaxıstan Respublikası Təhlükəsizlik Şurasının katibi Gizat Nurdauletov Prezident Qasım-Jomart Tokayevin gənc vətənpərvərlərə müraciətini oxuyub. Müraciətdə qeyd olunur ki, toplanış hərbi xidmətdə yüksək nəticələrin əsasının nizam-intizam və məsuliyyət, qarşılıqlı yardım və həmrəylik olduğunu təcrübədə görməyə imkan verəcək.

“Hər bir ölkənin gələcəyi onun gənc nəslidir. Ona görə də sizin üzərinizə böyük məsuliyyət düşür. Siz vicdanlı və zəhmətkeş, ağıllı və cəsur, layiqli vətəndaşlar və Vətəninizin əsl vətənpərvərləri olmalısınız. Hamınız hərtərəfli hazırlaşmısınız və qalib gəlməyə qərarlısınız. Bu cür yarışlarda iştirakın özü artıq sizin hər biriniz üçün mühüm nailiyyət və yaddaqalan hadisədir”, - deyə müraciətdə deyilir.

Qazaxıstanın müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkov çıxışında qeyd edib ki, nümayəndələri tədbirdə iştirak edən xalqların çoxillik möhkəm əlaqələri var və ölkələr arasında həmişə qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq münasibətləri olub.

“Biz birgə bir çox taleyüklü sınaqlardan keçərək, əcdadlarımızın adət-ənənələrini, dəyərlərini, mədəni-mənəvi irsini qoruyub saxlaya bilmişik. Bugünkü beynəlxalq hərbi-vətənpərvərlik toplanışı xalqlarımızın dostluq və mehriban qonşuluq istəyinin bariz təsdiqidir”, - deyə o vurğulayıb və toplanış iştirakçılarına qarşıya qoyulan məqsədə çatmaqda əzmkar olmağı arzulayıb.

Komandalar üçün kaskadyor şousu, batırların rəqsi, “Jasa, Sağadat” musiqi nömrəsi, Mərkəzi Hərbi Orkestr və fəxri qarovul dəstəsinin çıxışlarından ibarət bayram proqramı təqdim olunub.

Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Dövlət Hərbi-Tarixi Muzeyinin Almatı filialının rəisi Alua Baykadamova görüş iştirakçılarına ordu generalı Saqadat Nurmaqambetova həsr olunmuş “Xalık juregindegi kaharman” kompozisiyası barədə danışıb.

Tədbirdə müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkov “General S.K.Nurmaqambetovun hərbi irsi və onun müasir əhəmiyyəti” adlı yeni nəşri təqdim edib. 1-ci Türküstan Pulemyot Hərbi Məktəbinin kursantından ordu generalı rütbəsinə qədər yol keçən müharibə qəhrəmanı haqqında danışaraq, onun müstəqil Qazaxıstan ordusunun formalaşmasında və inkişafında müstəsna xidmətlərini qeyd edib.

“O çətin zamanda onun döyüş təcrübəsi, hərbçilər arasında yüksək nüfuzu və Vətənə qüsursuz xidmətin şəxsi nümunəsi sayəsində Silahlı Qüvvələr yaradıldı və müstəqil şəkildə inkişaf etdi”, - deyə Ruslan Jaksılıkov bildirib. Qeyd edib ki, ordu generalı Saqadat Nurmaqambetovun adı ölkənin tarixinə qızıl hərflərlə yazılıb.

Tədbir zamanı, həmçinin toplanışda iştirak edən ölkələrin mədəniyyəti, adət-ənənələri ilə tanış olmaq imkanı verən “Birlik Ordası” səyyar-interaktiv ekspozisiyası nümayiş olunub, “Jas Sarbaz” respublika hərbi-vətənpərvərlik hərəkatının sədri, mayor Meyrbek Mendıgaliyv isə “Sağadat” əməkdaşlıq zonasını təqdim edib. Ötən illərin toplanışının qalib və mükafatçıları ilə görüş keçirilib, onlardan bir çoxu bu gün ölkənin hərbi təhsil müəssisələrinin məzunları və ya kursantlarıdır.

Toplanışın təntənəli açılışından əvvəl “Ali” təlim mərkəzində milli idman növləri, “AK-74”-ün qismən sökülməsi və yığılması üzrə yarışlar keçirilib. Həmçinin “Smart Sarbaz” gənc ixtiraçılar müsabiqəsi və “Aybın darını” intellektual oyunu olub.

Yarışlar davam edir. İyunun 18-dən 22-dək Quru Qoşunlarının Hərbi İnstitutunun “Ali” təlim mərkəzində hərbi texnika, təchizat, idman avadanlığı sərgisini ziyarət etmək, klubların fəaliyyətindən bəhs edən stendlərlə tanış olmaq olar. Həmçinin konsertlər, mühazirələr, idman oyunları, tonqal ətrafında gecələr və Xalq Qəhrəmanı haqqında filmlərin nümayişi də planlaşdırılır.

Xəbər lenti