Logo

Müstəqil Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 15 İyun

19.06.2024 22:49 145 baxış
IMG

Xalqımızın taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Bu günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü xalqımız üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

15 iyun tarixi Azərbaycan xalqı üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Liderimiz Heydər Əliyevdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu Azərbaycanı bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Azərbaycan xalqı əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir. Bu, bütün xalqın ürəyinin səsi idi. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Nəhayət, 1993-cü il iyunun 9-da Ümummilli Liderimiz Azərbaycan xalqının çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. O gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı inkişaf konsepsiyası bu gün də müstəqil Azərbaycanın uğur modelidir. Həmin model Ulu Öndərin layiqli davamçısı, siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün Azərbaycan dünya dövlətləri sırasında öz mühüm, əhəmiyyətli mövqeyini tutursa, bu, Ümummilli Lider Heydər Əliyevin ideyalarının yaşaması, yaşadılmasıdır. Bütün bunların isə ən möhtəşəm təntənəsi dünya hərb tarixinə qızıl hərflərlə yazılmış, tariximizin qürur səhifəsi olan, möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi zəkası, iradəsi, qətiyyəti və rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Zəfərdir.

Fərid Mustafayev,

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Xəbər lenti