Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Mustafa Muradov, Qönçə Eyvazova, Sevinc Məmmədyarova və Nanomaterialların kimyəvi fizikası kafedrasının I kurs doktorantı Məhəmməd Bağır Bağırovun “Buxar fazalı sulfidləşmə prosesi ilə anizotrop AgNWs/PVA/Ag2S nanokompozitlərinin hazırlanması” (Preparation of anisotropic AgNWs/PVA/Ag2S nanocomposites via a vapor-phase sulfidation process) adlı məqaləsi Q2 kvartilli “RSC Advances” (IF:3.9) jurnalında dərc olunub.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Müəlliflər H2S qazının təsiri ilə nümunələrin struktur, morfoloji və optik xassələrində baş verən dəyişiklikləri tədqiq ediblər. Nanokompozitlərin struktur xassələri rentgen şüalarının difraksiyası (XRD), optik xassələri ultrabənövşəyi-görünən spektrometriya (UV-Vis), səth morfologiyası isə transmision elektron mikroskopiyası (TEM) əsasında öyrənilib. Struktur tədqiqatlarından alınmış nəticələrin təhlili əsasında Ag2S nanohissəciklərinin formalaşması səbəbinin polimer matrisdə paylanmış AgNWs-in bir istiqamətdə sulfidləşməyə məruz qalması ilə əlaqədar olduğu müəyyən edilib. TEM nəticələri göstərib ki, H2S qazının təsir etdiyi istiqamətdə gümüş nanonaqilləri parçalanıb və Ag2S nanoklasterləri əmələ gətirib.