Logo

Yaşıl dünya naminə həmrəylikdə Azərbaycanın rolu təhlil olunub

20.06.2024 18:54 224 baxış
IMG

AMEA-nın Naxçıvan Bölməsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir olub.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbiri giriş sözü ilə bölmənin sədri akademik İsmayıl Hacıyev açıb.

Ölkə başçısı cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu söyləyən akademik dünyada gedən ekoloji proseslərdən, iqlim dəyişikliyi problemindən söz açıb.

Akademik bildirib ki, COP29 kimi dünya əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir. Qeyd edib ki, ölkəmizin yürütdüyü uğurlu siyasət onun yaşıl dünyamıza töhfə verməsinə şərait yaratmışdır. Həmin fəaliyyətin əsas məqsədinə diqqət çəkən İsmayıl Hacıyev Qarabağ, Şərqi Zəngəzur, o cümlədən Naxçıvanın yaşıl enerji zonası elan olunduğunu diqqətə çatdırıb.

Çıxışının davamında akademik hazırda icrası davam edən layihələrdən, görülən işlərin vəd etdiyi perspektivlərdən söz açıb. Noyabr ayında baş tutacaq dünya səviyyəli COP29 tədbirini Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin və Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun nəticəsi kimi qiymətləndirib.

Daha sonra AMEA-nın Naxçıvan Bölməsi aparatının Elm və təhsil şöbəsinin müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov tədbirdə “Yaşıl dünya həmrəyliyində Azərbaycan” mövzusunda məruzə edib.

Tədqiqatçı əvvəlcə Azərbaycanın zəngin coğrafi xüsusiyyətlərinə, biomüxtəlifliyinə və təbii resurslarına diqqət çəkib. İqlim dəyişikliyi və biomüxtəlifliklə əlaqədar qeydə alınan problemlərdən bəhs edib. Ölkədə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş yaşıl siyasətin bugünkü bəhrələri, xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumat verib.

Orxan Bağırov məruzəsində 30 illik işğal dövründə torpaqlarımızın dövlət, etnik və mədəni terrorla bərabər, ekoloji terrora da məruz qaldığına diqqət çəkib. Qaragöl, Bəsitçay, Qubadlı, Laçın, Daşaltı kimi təbii qoruq və yasaqlıqların erməni vandalizminə məruz qalmasından danışıb. Bəzi statistik göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məruzə, həmçinin günümüzdə meşə örtüyünün artırılması, iqlim dəyişikliyinin zərərli təsirlərinin azaldılması istiqamətində görülən kompleks tədbirləri, Heydər Əliyev Fondu, xüsusilə IDEA İctimai Birliyinin bu istiqamətdə təşəbbüskarı olduğu layihələri və başqa məsələləri əhatə edib.

Xəbər lenti