Logo

MEK Özbəkistanın Ürgənc Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

20.06.2024 21:58 168 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) rəhbərliyi ilə Özbəkistanın Ürgənc Dövlət Universitetinin nümayəndə heyəti arasında hibrid formada görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə MEK-dən bildirilib.

MEK-in direktoru Hüseyn Hüseynov öncə Ürgənc Dövlət Universitetinin kitabxana direktoru Həsən Siddikov və Daşkənd Tibb Akademiyasının Ürgənc filialının dosenti Dilşad Qurbanova qurumun fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ümumi məlumat verib, onları kitabxana ilə tanış edib. Qonaqlar Diplomatik fondda müxtəlif ölkələrin, o cümlədən Özbəkistanın diplomatik nümayəndəliyi tərəfindən MEK-ə hədiyyə edilən kitablardan ibarət guşələrə baxıblar.

Ürgənc Dövlət Universitetinin rəhbər heyəti isə görüşə onlayn qatılıb. MEK-in direktoru iki qardaş ölkənin elmi kitabxanaları və qurumları arasındakı mədəni əlaqələrdən danışıb, zəngin fondların inkişafı üçün MEK-in imkanlarını vurğulayıb.

Ürgənc Dövlət Universitetinin prorektoru Dilşad İbadullayeviç təmsil etdiyi universitet haqqında məlumat verib. Bildirib ki, Ürgənc Dövlət Universiteti təhsil və elm sahəsində xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq coğrafiyasını genişləndirmək məqsədilə dünyanın 30-dan artıq ölkəsinin 80-dən çox nüfuzlu ali təhsil müəssisəsi ilə müqavilələr imzalayıb və əməkdaşlıq edir. Prorektor onların sırasında Azərbaycanın Milli Elmlər Akademiyasının nəzdindəki Mərkəzi Elmi Kitabxananın xüsusi yeri olacağından əminliyini ifadə edib.

Qonaqlar MEK-in direktorunu cari ilin sentyabr ayında Ürgənc Dövlət Universitetinin kitabxanasının yeni binasının açılışına dəvət ediblər.

MEK-in elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini Oruc Quliyev, kitabxana işləri üzrə direktor müavini Şəhla Tahirqızı, elmi katib Şəbnəm Rüstəmova da yaranacaq əməkdaşlığın vacibliyini vurğulayıblar. Ürgənc Dövlət Universitetinin fondunun zənginləşdirilməsində 100 yaşını qeyd edəcək MEK-in yaxından kömək göstərəcəyini qeyd ediblər. Həmçinin diqqətə çatdırılıb ki, kitabxanada özbək dilində çoxsaylı ədəbiyyat qorunur ki, bu da Azərbaycan və özbək xalqlarının ortaq tarixi kökləri ilə birlikdə, həm də poeziya ənənələrinin, milli-mənəvi dəyərlərinin yaxın və doğma olmasının mühüm göstəricilərindən biridir.

Xəbər lenti