Bu gün DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutunda 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Tədbirin əvvəlində nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov geniş məruzə edib.
Sonra çıxış edən Hərbi İnstitutun rektoru general-mayor Elçin Məmmədov institutun kollektivi təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi, müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi ilə bağlı tələblərin, əmr və göstərişlərin tam və yüksək səviyyədə yerinə yetirilməsi barədə məlumat verib.
Gənc zabitlər önündə çıxış edən nazir Vilayət Eyvazov bildirib ki, Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsi olaraq Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Qoşunların döyüş hazırlığının yüksəldilməsi Ali Baş Komandan tərəfindən hər zaman nəzarətdə saxlanılıb, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edilib.
Məzunların həyatında yeni bir dövrün başladığını nəzərə çatdıran daxili işlər naziri gənc zabitləri, onların valideynlərini və yaxınlarını Hərbi İnstitutu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil ocağının rəhbərliyinə, zabit-müəllim heyətinə təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb.
Nazir V.Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti bundan sonra da sədaqətlə xidmət edəcək, qarşıya qoyulmuş tapşırıqların layiqincə yerinə yetirilməsi üçün çalışacaqdır.
Tədbirin sonunda daxili işlər naziri Hərbi İnstitutu fərqlənmə və “baş leytenant” xüsusi rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdim edib.
Sonda gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər.