“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət Nazirliyində qeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir və onlara həmin Qaydaların əlavəsinə uyğun vahid formalı yayım vəsiqəsi verilir”.
Tehsil.biz xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
“Sözügedən Qaydalarda qeyd olunan meyarlara uyğun filmlərin seçilməsi, reyestrə daxil edilməsi və onlara yayım vəsiqəsinin verilməsi üçün ekspert mövqeyinə zərurət olduğundan nazirlik yanında kinorejissor, sosioloq, psixoloq, jurnalist, dramaturq və müvafiq sahə üzrə təcrübəyə malik olan bir sıra digər mütəxəssislərdən ibarət Ekspert Şurası yaradılıb.
Şura filmlərin qanunvericilikdə müəyyən edilmiş meyarlara uyğunluq baxımından qiymətləndirilməsinə dair peşəkar rəy verir və müvafiq filmin reyestrə daxil edilməsi və ona yayım vəsiqəsinin verilməsinə dair qərar qəbul edir.
Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, burada hər hansı senzuranın tətbiqindən söhbət gedə bilməz”, - deyə nazirlik vurğulayıb.