Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında dəyərli elmi əsərlərin təqdimatı olub.
Botanika İnstitutundan "Tehsil.biz"ə bildiriblər ki, tədbirdə təqdimatı keçirilən əsələrdən biri Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayevanın “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmaları yaddaşlarından)" adlı kitabı olub.
Təqdimat mərasimini açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, Qərbi Azərbaycan mövzusu bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ziyalılar qarşısında əsas vəzifə kimi qoyulub. Ali Baş Komandanımızın tapşırığı ilə Qarabağın işğaldan azad olunmasını, Qarabağa qayıdışı bizim müzəffər Ordumuz icra edibsə, Qərbi Azərbaycana qayıdışı da alimlər ordusu, yəni, bizlər qələmlə, sözlə, fikirlə, tarixlə, ədəbiyyatla təmin etməliyik. “Yaxşı haldır ki, 30 il ərzində Qərbi Azərbaycan əsilli alimlərimizin bir hissəsi, hətta Qərbi Azərbaycandan olmayanlar belə Qərbi Azərbaycan mövzusunu həmişə tədqiqatlarında saxlayıblar. Bu gün işığına toplaşdığımız kitab təqdimatlarının özü də ciddi bir mesajdır”, - deyə o vurğulayıb.
Professor Səyyarə İbadullayeva diqqətə çatdırıb ki, “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmaları yaddaşlarından)" adlı kitab “Qərbi Azərbaycana qayıdış” konsepsiyasına töhfə olaraq hazırlanıb və əsas məqsəd “Böyük Qayıdış” icmalarına yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq, onların istifadə yollarını öyrətməkdir.
Kitabda Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşında qalan 200-dən çox bitki və bitki yığımlarının müalicəvi təsirləri, onların istifadə üsulları haqqında etnobotaniki sorğular nəticəsində toplanmış məlumatlar və bitkilərin şəkilləri əks olunub. Nəşr əhəmiyyətli mənbə kimi 2023-cü ildən öz doğma el-obalarına qayıtmış icmalara təqdim olunur.
Sonda müəllif kitab haqqında səsləndirilən dəyərli fikirlərə görə təşəkkürünü bildirib və məzunu olduğu Naxçıvan Dövlət Universitetində təşkil edilən möhtəşəm tədbiri qürurverici hadisə kimi qiymətləndirib.