Logo

Paytaxt üzrə sertifikatlaşdırmaya 1873 müəllim dəvət olunub

24.06.2024 10:40 232 baxış
IMG

İyunun 24-də dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə 1873 nəfər dəvət edilib.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri imtahan mərkəzinə gələrək müəllimlərə tövsiyələrini veriblər və sertifikatlaşdırma imtahanlarının gedişini izləyiblər.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədin kompüterinin ekranında görünür.

Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin müəllimlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr edilir.

Xəbər lenti