Logo

“Nərd oyunu” kitabı yenidən nəşr olundu

24.06.2024 12:59 466 baxış
IMG

Şəhriyar Quliyevin 1985-ci ildə çap etdirdiyi “Nərd oyunu” kitabı yenidən nəşr olunub. Kitabı təkrar nəşrə Şəhriyar Quliyevin nəvəsi AMEA Folklor İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyar hazırlayıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, əsər nəşrə hazırlanan zaman müəllifin şəхsi arхivindən istifadə olunaraq üzərində bəzi dəyişikliklər edilib. Kitabın ilkin nəşri dövrünün tələblərindən doğan ictimai-siyasi terminologiya və arxaik sözlərlə yanaşı, müəllifin tədqiqat üslubu və təhkiyəsi оlduğu kimi saхlanılıb. Qeyd edək ki, Şəhriyar Quliyev “Nərd oyunu” kitabının bəzi nüsxələrinin üzərində düzəlişlər edib, hətta bir nüsxənin üzərində “Şeşdəri-heyrətdə idim” sözlərini yazıb.

Bu il Şəhriyar Quliyevin anadan olmasının 100 illiyidir. O, elə bir ziyalı idi ki, qısa ömrünə çox şey sığdıra bilib. Özündən sonra gözəl övladlar, sağlam bir nəsil və onlarca elmi tədqiqat əsərləri qoyub. Ondan geriyə bir parça torpaq belə qalmayıb. Erməni işğalçıları onun məzarını yağmalayıb, amma Şəhriyar Quliyev yaddaşlarda Azərbaycanın şahmat tarixçisi kimi qalıb.

Xəbər lenti