İyunun 24-də Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində xarici dil (rus dili və ədəbiyyatı, alman dili, fransız dili, rus dili və s.) fənlərini, eləcə də rus bölməsində Azərbaycan dilini tədris edən müəllimlər, eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün ölkə üzrə mərkəzləşmiş qaydada sertifikatlaşdırma prosesinin test imtahanı keçirilib.
Bu barədə "Tehsil.biz"ə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sertifikatlaşdırma prosesində ümumi təhsil müəssisələrindən 215 müəllim iştirak edib və onlardan 67-si 51 bal və daha yüksək nəticə göstərib.
Xatırladaq ki, iyunun 21, 22 və 24-də keçirilmiş sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib. Test imtahanlarında 23 min 448 müəllim iştirak edib. Prosesdə 97,5 faiz davamiyyət qeydə alınıb. Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.