Logo

"BDU-da ECOLEAD Klinikasının yaradılması ekoloji problemlərin vaxtında həlli üçün vacibdir"

24.06.2024 21:00 463 baxış
IMG

"ECOLEAD platformasının yaradılması ilə bağlı anlaşma memorandumunun imzalanması ekoloji cinayətlərə qarşı mübarizə və təbii irsimizin qorunması sahəsində səylərin birləşdirilməsi baxımından vacib addımdır".

Tehsil.biz xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Xankəndidə anlaşma memorandumunun imzalanma mərasimində deyib.

O bildirib ki, Bakı Dövlət Universiteti bu problemlərin həllində apardığı elmi tədqiqatları ilə yaxından iştirak edir:

"Universitetdə ekoloji çirklənmənin mənbələrini və təsirlərini müəyyən etməklə yanaşı, onun azaldılması və bərpası üçün effektiv tədqiqatlar aparılır. ECOLEAD platformasının mərkəzində ekoloji cinayətlərin araşdırılması, prokurorluq əməkdaşları, ekoloqlar, BDU-nun elmi-pedaqoji heyəti və qeyri-hökumət təşkilatlarının birgə səyləri ilə pozuntuların qarşısının alınması kimi mühüm missiya dayanır”.

Rektorun sözlərinə görə, platformanın əsas komponentləri – “ECOLAB”, “Ekoklinik” və “Cərimə Parkı - Təbiətin qisası” ətraf mühit problemlərinin həllinə mühüm töhfə verəcək:

"ECOLEAD platforması xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında münaqişədən sonrakı ekoloji problemlərin həllində peşəkarların birgə işləməsi üçün əməkdaşlıq məkanı kimi xidmət edəcək. BDU olaraq ECOLEAD platformasının nizamnaməsinin hazırlanmasında, layihə çərçivəsində qeyd olunan sahələrdə qarşılıqlı multidisiplinar heyət modellərinin formalaşdırılmasında yaxından iştirak edəcəyik. BDU-da ECOLEAD Klinikasının yaradılması tapşırıqların səmərəli icrası, ekoloji problemlərin vaxtında həlli üçün vacibdir. Klinika ekoloji pozuntuların aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tapşırıqların operativ icrasını təmin edəcək”.

Xəbər lenti