Logo

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin insan resurslarının inkişafına dair növbəti görüş olub

25.06.2024 15:19 148 baxış
IMG

Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin insan resurslarının inkişafı sahəsində səlahiyyətli qurumlarının rəhbərlərinin üçüncü iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə DİA-dan məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) nümayəndə heyəti də təmsil olunub.

Görüşün əsas məqsədi TDT-yə üzv ölkələrdə çalışan dövlət qulluqçularının insan resursları sahəsində təcrübə mübadiləsinin və aktual məsələlərinin müzakirəsi olub. Müzakirə iştirakçıları Qazaxıstanın dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində atdığı addımları müsbət qiymətləndirib, insan kapitalının inkişafı sahəsində təcrübələrini bölüşüb, fikirlərini bildiriblər. Eyni zamanda, Azərbaycanda dövlət qulluğuna verilən təlimlər, qəbul və qiymətləndirmə üçün müxtəlif test vəsaitlərinin geniş tətbiqi, Qırğızıstanda dövlət qulluqçularının rəqəmsal savadlılığının artırılması, Türkiyədə ömür boyu təhsil sisteminin inkişafı, Özbəkistanda dövlət qulluqçularının fəaliyyətini qiymətləndirmə mexanizmlərinin modernləşdirilməsi üzrə fəal iş aparılması məsələlərinə həsr olunmuş məruzələr dinlənilib.

Görüşün sonunda iştirakçılar dövlət qulluğunda insan resurslarının idarə edilməsi sahəsində təcrübə mübadiləsi və ən yaxşı həllərin işlənib-hazırlanması üçün belə tədbirlərin əhəmiyyətini qeyd edərək əməkdaşlığın daha da gücləndirilməsi niyyətlərini bildiriblər.

Səfər çərçivəsində DİA-nın nümayəndə heyəti Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil olunan “Müasir insan resurslarının inkişafı sahəsində təcrübə mübadiləsi” mövzusunda beynəlxalq elmi konfransda və 2024-cü ilin “Məzun günü” tədbirində də iştirak edib.

TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı sahəsində səlahiyyətli qurumların rəhbərlərinin üçüncü iclasında Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə Respublikasının Prezidenti yanında İnsan Resursları Ofisinin rəhbəri Səlim Atay, Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Darxan Yazıkbay, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Yerlan Abil, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin sədr müavini Bəhram Xəlilov və digər rəhbər şəxslər iştirak ediblər.

Xəbər lenti