Bu gün müstəqil Azərbaycanın tarixində artıq 4-cü dəfədir ki, Silahlı Qüvvələr Gününü qalib, bütöv Azərbaycanla qeyd edirik. Bu tarix hər bir azərbaycanlının günüdür. Ona görə ki, Vətən müharibəmizdə harada yaşamasından asılı olmayaraq hər bir həmvətənimiz Azərbaycan Ordusunun “əsgəri” idi. Belə ki, sosial vəzifəsindən, kimliyindən, peşəsindən, yaşından asılı olmayaraq hər kəs bir amal və bir arzu üçün birləşmişdi: Azərbaycan, Vətən və onun azadlığı. Bu birlik bizi Böyük Zəfərə yetirdi.
Lakin bu günə qədər çox uzun və keşməkeşli yollardan keçildi. Mərhələ-mərhələ, addım-addım, qarış-qarış:
“Aprel döyüşləri”, “Günnüt əməliyyatı” “Tovuz hadisələri” nəticəsində cinayətkar erməni rəhbərlərinin “keçilməz erməni səngərləri” haqqında mifi alt-üst edildi və bütün dünya, həmçinin Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun gücünə, qələbə əzminə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarında olduğuna şahid oldu.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da dediyi kimi: “30 ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi uğur deyil. Bu, tarixi ədalətin bərpasıdır, çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır. Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini!”
Ümummilli Lider Heydər Əliyevin apardığı uzaqgörən siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin əzmi, atdığı müdrik və qətiyyətli addımlar sayəsində regionda sülh və sabitlik təmin edildi, həm ölkəmiz həm də region xalqları üçün yeni perspektivlər yarandı. 44 günlük İkinci Qarabağ müharibəsi bütün dünyaya azərbaycanlıların azadlıqsevər, mütərəqqi, mərd xalq olduğunu nümayiş etdirdi. Hər kəsə xəyal kimi görünən artıq gerçəkliyimizə çevrildi.
Yaşasın Azərbaycan! Yaşasın rəşadətli Azərbaycan Ordusu!
Fərid MUSTAFAYEV,
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini