İyunun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.
Dosent Vazeh Əskərov Strasburqda təşkil olunan yay məktəbinin gənclərin inkişafı üçün mühüm əhəmiyyətindən danışıb, həmçinin tələbələrə yay məktəbində iştirakla bağlı öz tövsiyələrini verib, yüksək göstəricilərə malik tələbələrin ölkəmizi, o cümlədən universiteti layiqincə təmsil edəcəklərinə ümidvar olduğunu deyib.
Tələbələrlə birlikdə Strasburqa yola düşəcək nümayəndə heyətini təqdim edən UFAZ-ın İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova yay məktəbi və qaydalar haqqında məlumat verib.
Tələbələrin səfər proqramı haqqında danışan UFAZ-ın baş katibi Elizaveta Bydanova onların iki həftə müddətində keçiriləcək yay məktəbi ərzində tələbələrin iştirak edəcəkləri dərslər və görüşlər haqqında, eləcə də qaydalar haqqında məlumat verib. Qeyd edək ki, UFAZ-ın 40 tələbəsi iyunun 29-dan iyulun 13-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək. Yay məktəbinin proqramına dil kursları, müxtəlif ekskursiyalar daxildir.