Logo

BSU Türk Universitetlər Birliyinin üzvü oldu

27.06.2024 10:35 366 baxış
IMG

Bakı Slavyan Universiteti 08.09.2023-cü il tarixində Türk Universitetlər Birliyinə üzv olmaq üçün müraciət edib. Üzvlükdə əsas məqsəd tədqiqat və innovasiyaların təkmilləşdirilməsi, elm və texnologiyaların son nailiyyətləri ilə tanışlıq, təcrübə mübadiləsi, birgə elmi, akademik  araşdırmaların təşkili, eləcə də tələbə və müəllimlərin mübadilə proqramlarında iştirakını təmin etməkdən ibarətdir.

Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib.

Qeyd olunub ki, Türk Universitetlər Birliyinə üzvlük BSU üçün türk universitetləri arasında ikitərəfli elmi-akademik tərəfdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

BSU bu Birliyə üzv olmaq üçün müvafiq sənədləri hazırlayaraq müraciət edib.

2024-cü ilin mayın 20-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleya iclası keçirilib. TÜRKÜNİB-ə müraciət etmiş 60 universitet, BSU da bu sırada olmaqla, birliyə üzv qəbul olunub.

Ümumilikdə Türk Universitetlər Birliyinə 7 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Macarıstan) 109 universitet üzvlüyə qəbul olunub.

Türk Dövlətləri Təşkilatının nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyi türkdilli dövlətlər arasında ali təhsil sahəsində əməkdaşlığın həyata keçirilməsi  məqsədilə 29 mart 2013-cü ildə İstanbul şəhərində qurulmuşdur. İndiyədək TÜRKÜNİB-a Türkiyədən - 18, Qazaxıstandan – 7, Qırğızıstandan – 6, Özbəkistandan – 5, Macarıstandan – 1, Azərbaycandan isə 5 universitet üzv idi.

Xəbər lenti