Logo

AzTU-da “Məzun Günü” - FOTOLAR

27.06.2024 11:08 120 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun Günü” keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

AzTU-nun rektoru Vilayət Vəliyev məzunları təbrik edib. Bildirib ki, bu il 2936 tələbə məzun adını qazanıb. Onların 1641-i bakalavr, 27-si əcnəbi tələbə, 1295-i magistr məzunlardır.

Rektor son illər AzTU-da tədris və tədqiqat sahəsində həyata keçirilən yeniliklərdən də danışıb. Qeyd edib ki, bu il AzTU-da KOB subyektlərinin inkişafına dəstək məqsədilə KOB Model Müəssisəsi yaradılıb. Universitet-sahibarkalıq modelinə inteqrasiyanı təmin etmək məqsədilə universitetdə qurulan Mühəndis Gəliştirmə Proqramının emalatxanasında çalışan AzTU və Milli Aviasiya Akademiyasının tələbələri bir ilkə imza atdı. Belə ki, AzTU, TUSAŞ və MAA-nın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "AzTU-Turkish Aerospace, MGP 2023.1" yüksək ixtisaslı mühəndis hazırlığı təlim proqramı çərçivəsində müdafiə təyinatlı pilotsuz uçuş aparatının ilk uçuşu həyata keçirildi. Sağlam həyat tərzinin təbliği, tələbələrin zərərli vərdişlərdən uzaq olması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində təşkil olunan idman yarışları bu il də davam etdi. AzTU basketbol komandası Tələbə Basketbol Liqasında 1-ci yerə çıxaraq qızıl medala layiq görüldü. Məzunlara gələcək həyatlarında uğurlar diləyən rektor onlara Vətənə layiqli vətəndaş olmağı arzulayıb.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Təravət Muradova, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, AzTU-nun fəxri məzunu, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, millət vəkili Müşfiq Məmmədli, valideyn Günay Bağcı məzunları təbrik edərək onlara ən xoş arzularını bildiriblər. Sabah qruplarını ən yüksək ÜÖMG (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) ilə bitirən məzun Ehtiram Şükürov da öz təəssüratlarını bölüşüb, tədris aldığı müddətdə qazandığı uğurlarından danışıb.

Daha sonra AzTU-nu ən yüksək ÜOMG ilə bitirən, eləcə də universitetin ictimai-sosial həyatında fəallıq nümayiş etdirən məzunların təltifolunma mərasimi keçirilib.

Tədbir konsert proqramı ilə davam edib.

Xəbər lenti