Logo

“Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər” mövzusunda tədbir keçirilib

27.06.2024 14:23 372 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı Sərəncamının icrasına əsasən AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər” mövzusunda tədbir keçirilib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə fəxri qonaq qismində AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon şöbəsinin əməkdaşı Tahir Səfərli, Şuşa döyüşlərində iştirak edən Pərviz Zeynalov və Emin Qəribli iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Şuşanın azadlığı uğrunda mübarizəni əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov bildirib ki, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırmışdır.

Sonra mərkəzin Tarix, arxeologiya və epiqrafika şöbəsinin müdiri t.ü.f.d. Rahim Həsənov çıxış edərək Şuşa, ümumilikdə Qarabağ haqqında erməni miflərinin dağıdılaraq həqiqətlərin dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi fəaliyyətlərinin, eləcə də xalqın qələbə əzminin, ordumuzun qüdrətinin vəhdət təşkil etdiyini vurğulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon şöbəsinin əməkdaşı Tahir Səfərli isə çıxışında istər I, istərsə də II Qarabağ müharibəsində vətənimizin azadlığı və bütövlüyü uğrunda mübarizədə Şəki gənclərinin yüksək vətənpərvərlik göstərdiklərini bildirib. O, statistik rəqəmləri diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Landşaftşünaslıq şöbəsinin müdiri geol-min.ü.f.d. Hüseyn Mustafabəyli, Ekoloji biofizika şöbəsinin müdiri Yevgeniya Bəkirova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova çıxış edərək Şuşa şəhərinin tarixən Azərbaycanın mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir.

Sonda Şəki REM-in elmi işlər üzrə direktor müavini bio.ü.f.d. Fərhad Əzizov bildirib ki, Şuşa şəhəri uzun müddət Qarabağın inzibati mərkəzi olmaqla yanaşı, həm də çox mühüm iqtisadi mərkəz olub. Bu gün yenidən canlanan Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir.

Sonda Fərhad Əzizov qonaqlara Fəxri fərmanları təqdim edib.

Xəbər lenti