Logo

ADPU-da “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

27.06.2024 19:49 400 baxış
IMG

İyunun 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “#CodeForFuture” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Rektor Cəfər Cəfərov qeyd edib ki, ADPU-nun fəaliyyətinin əsas məqsədlərindən biri gələcəyin müəllimlərində bu vərdişlərin formalaşdırılmasıdır. Bununla bağlı Riyaziyyat fakültəsi bir çox uğurlu layihələrə imza atıb. Elm və Təhsil Nazirliyi və “Algoritimika” şirkəti ilə birlikdə təşkil edilmiş “Rəqəmsal bacarıqlar” layihəsi bunlardan biridir.

Vurğulanıb ki, hazırda Bakı şəhəri və 53 regionda 500-dən çox orta məktəbdə informatika fənni əvəzinə “Rəqəmsal bacarıqlar” tədris edilir. Bunu nəzərə alaraq 2020-ci ildən ADPU-nun tədris planında informatika müəllimliyi və riyaziyyat və informatika müəllimliyi ixtisaslarının əsas blokunda “Proqramlaşdırma dilləri 1”, seçmə blokunda isə “Rəqamsal bacarıqlar” fənləri yer almaqdadır. Təlim prosesi onlayn platforma üzərində tapşırıqların icrası və layihələrin hazırlanması üzrə aparılır. Filiallar da bu kimi layihələrdən kənarda qalmır. Belə ki, 2023/2024-cü tədris ilinin yaz semestrində ADPU-nun bölgələr üzrə filiallarında (Ağcabədi, Şamaxı, Şəki) “Proqramlaşdırma dilləri 1” fənni, Quba filialında isə hər iki fənn (“Proqramlaşdırma dilləri 1”, “Rəqamsal bacarıqlar”) tədris edilib.

“Code For Future” layihəsinin rəhbəri Nəzrin Əliyeva diqqətə çatdırıb ki, 2023-2024-cü tədris ilinin yaz semestrində Riyaziyyat fakültəsinin informatika müəllimliyi ixtisasının son kursunda təhsil alan 107 tələbə “Metodika” və “MİQ-ə hazırlıq”, riyaziyyat və informatika müəllimliyi ixtisasının sonuncu kursunda təhsil alan 112 tələbə isə “Rəqəmsal bacarıqlar” və “MİQ-ə hazırlıq” kurslarında (ümumi 219 tələbə) iştirak edib ki, onlardan da 211 nəfəri kursu müvəffəqiyyətlə başa vurub. Eyni zamanda, layihə müddətində ADPU-nun 45 müəlliminə “Proqramlaşdırma dilləri: Python proqramı” modulu üzrə 20 saatlıq təlimlər keçirilib.

Strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva layihənin növbəti məzunlarına uğurlar arzulayıb, onların orta məktəblərdə rəqəmsal bacarıqların tədrisi prosesinə töhfə verəcəklərini qeyd edib.

Daha sonra layihə məzunları təəssüratlarını bölüşüb və onlara sertifikatlar təqdim edilib.

Xəbər lenti