Logo

Məzunluq və məmnunluq günü

27.06.2024 23:45 522 baxış
IMG

Bizlərin və onların yaz imtahan sessiyası başa çatdı. İstehsalat təcrübəsi tamamlandı. Dördillik (qiyabilərdə beşillik) təhsil həyatlarının yekunu "Məzun günü" ilə sonlandı.

Bu gün Bakı Dövlət Universitetinin məzun tələbələrinin həm də məmnun günüdür. Çünki tələbələr millət böyüklüyümüzün simvolu olan elm məbədinin ucalığından, Cümhuriyyət fədailərinin min məşəqqətlə yaratdığı Şərqin ilk modern təhsil ocağının aliliyindən xəbərdardırlar. Onların dərs keçdikləri auditoriyalarda bir zamanlar Məhəmməd Əmin Rəsulzadə, maarif naziri Rəşid xan Qaplanov, Məhəmməd ağa Şahtaxtılı kimi şəxsiyyətlərin Azərbaycan dilinin qrammatikasından, Türk tarixindən mühazirələr söyləməsini, əbədiyaşar Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti" adlandırdığı və özünün də məzun olduğu Bakı Dövlət Universitetini bitirdiklərini varlığı, ruhu və duyğuları ilə dərk edirlər.

Bu gün "Milli Gimnastika Arenası" çoxminli məzunların xoş gününə şahidlik edir. Tələbələrin yazı-pozusuz, özləritək sadə və təmiz məzun geyimləri lacivərd səma şəklindədir. Libas üzərindəki sarıyaçalan rənglər isə səmaya boylanan qönçətək ürəklərdə açılır. Xalq mahnısının bircə sətri kifayətdir ki, xoş günü tamlığı ilə xarakterizə edə və əziz oxucuya elə buradan sual ünvanlayasan: "Könül şad olarmı ürәk gülmәsә?". Bugünkü tələbə izdihamı Bakı Dövlət Universitetinin ötən əsrdən bugünədək döyünən, millətə milli ruh paylayan qəlb şəklində görünür. Fəxarətli görüntü bizə Elmira Rəhimovanın dillər əzbərinə çevrilən mahnısından "ürəyimin yerində səni ürək bilmişəm" misrasını xatırladır. Və ötən əsrdə Razumovskinin darülfünun haqqında söylədiyi fikirlər bugün təsdiqini tapır: "Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı". Bu səhifədə çoxminli tələbə bütöv bir əsər şəklindədir. Vaxt var idi, Darülfünun ilk məzun günündə tələbələr bu səhifədə bədii şəkildə ifadə edəsi olsaq beş-on söz şəklində idi. "Yeri, gəlmişkən xatırladaq ki, Azərbaycan Dövlət Universitetinin ilk buraxılış ili 1922-ci ildə baş tutub. Məzunlar arasında iki xanım - Adilə Şahtaxtinskaya və Ceyran Sultanova olub" (Bax: "Sredinskinin “Darülfünunda jurnalist kafedrası” məqaləsinə əlavə kimi", G.Abbas, Ə.İsmayılov). Bu gün sadəcə bizim "Jk-010A" qrupundan 13 məzun xanımdır. 

Hələ o zaman Darülfünunu Avropa ilə Asiyanın qovşağında şölələnən məşələ bənzədən Razumovskinin bu fikirləri sabaha inamdan yoğrulmuşdu: "Mən Azərbaycan Dövlət Universitetinin parlaq gələcəyinə inanıram".

İndi bu inkişafı görmək üçün Universitetin tarixinə nəzər salmaq kifayətdir. Bugünkü "Məzun Günü" də möhtəşəmliyilə tarixə yazıldı. Tədbir Azərbaycan Respublikası Dövlət himninin təntənəli sədaları altında başladı. Hər kəs Bakı Dövlət Universitetinin 19 şəhid məzunu da daxil olmaqla Vətən uğrunda canından keçən igidlərimizin əziz xatirəsi önündə 1 dəqiqəlik təzim duruşunda dayandı. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışı yaddaqalan oldu. Rektor bugünkü günün 105 yaşlı Bakı Dövlət Universitetinin həyatında ən gözəl günlərdən olduğunu bildirdi. Yaddaşlarına həkk olunacaq tələbəlik illərilə vidalaşan, ömür yollarının yeni mərhələsinə qədəm qoyan beş mindən çox məzuna uğurlar dilədi. Elçin Babayev bildirdi ki, Bakı Dövlət Universiteti 200 min nəfərdən artıq mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib. İndi Universitetdə 16 fakültə, 1500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25000-ə yaxın tələbə təhsil alır. Bakalavriat səviyyəsində 75 ixtisas, 
magistratura səviyyəsində 258 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Rektor ən vacib və həssas məsələyə də toxundu: "... Ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin edib. Onların arasında bizim məzunlarımız da var. BDU məzunları müharibədən sonra da işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə qoşulub, Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsinə kömək ediblər..." 

Elçin Babayevin çıxışından sonra Universitetin himni səsləndirildi. Bu zaman çoxminli məzunlar ayağa qalxaraq sayğı duruşunda dayandılar. Universitetin tarixi haqqında göstərilən videoçarx təsəvvürlərdə əyanilik yaratmaq baxımından tədbirə məzunlarda xüsusi maraq doğurdu.

Bu gün Bakı Dövlət Universitetinin beş mindən çox məzunu tələbəlik illərinə əlvida söylədi. Bunların içərisində mən və tələbə yoldaşlarım da var. Timsalımızda bütün Universitet məzunlarına gözəl günlər arzulayır, üzərimizdə zəhməti olan müəllimlərimizə cansağlığı, uzun ömür diləyirik. 

Əsgər İsmayılov,

BDU Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti