Fövqəladə Hallar Nazirliyi ölkənin cənubunda baş vermiş zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmadığını açıqlayıb.
Bu barədə "Tehsil.biz"ə FHN-dən bildirilib.
"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 28.06.2024-cü il tarixində yerli vaxtla saat 07:43-də Lerik seysmik stansiyasından 27 km şərqdə, Lerik rayonunda 18 km dərinlikdə 5 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücünə qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", – məlumatda diqqətə çatdırılıb.