Son 7 il ərzində (2016-2023) Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tədris və tədqiqat keyfiyyətinin artırılması, eləcə də infrastrukturun yenilənməsi istiqamətində görülən tədbirlərlə yanaşı, istedadlı gənc mütəxəssislərin universitetə cəlb olunması, kadr potensialının müntəzəm olaraq gəncləşdirilməsi sahəsində də sistemli iş aparılır. Hazırda ADPU-da çalışan 1422 nəfər əməkdaşın 49 faizi 2016-cı ildən sonra işə götürülənlərdir.
Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.
Ümumilikdə ADPU-da 747 nəfər professor-müəllim heyəti, 239 nəfər tədris-köməkçi heyət və 296 nəfər idarəetmə və inzibati aparat əməkdaşı fəaliyyət göstərir. Onlardan həm professor-müəllim heyəti, həm tədris-köməkçi heyət, həm də idarə və inzibati aparatda çalışanlar arasında son 7 ildə 30 yaşadək və 31-40 yaş aralığında artım dinamikası müşahidə olunur. 40-60 aralığında yaş qrupuna daxil olan, eləcə də 60 yaşdan yuxarı əməkdaşların xüsusi çəkisi isə azalmağa doğru gedir.