Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib, mayın 31-də verilmiş elan üzrə 40 dövlət orqanında mövcud olan 94 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 113 namizədlə 113 müsahibənin keçirilməsi planlaşdırılır.
Müsahibələrin iyulun 3-dən 22-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibədən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.