Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası yekunlaşmaq üzrədir. İyunun 3-dən başlayan imtahanlar iyulun 4-də yekunlaşacaq.
AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasında universitetdə və universitetin nəzdində İnşaat Kollecində ümumilikdə 11 minə yaxın tələbə imtahan verir. Tələbələr test, yazılı üsulla, xüsusi qabiliyyət tələb edən fənlər üzrə qabiliyyət imtahanı verirlər.
Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi, onların ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət İşçi qrup formalaşdırılıb. Həmçinin imtahanların idarə olunması üçün gənc müəllimlərdən və tədris-köməkçi heyətdən ibarət Nəzarət qrupu yaradılıb.
Bakalavriat səviyyəsində Tikinti-iqtisad fakültəsi istisna olmaqla digər fakültələrdə IV kurs tələbələrinin yekun dövlət attestasiyası – buraxılış işinin müdafiəsi də uğurla davam edir.
Bu sessiyada Memarlıq fakültəsi üzrə 152, Dizayn fakültəsi üzrə 79, İnşaat fakültəsi üzrə 83, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi üzrə 76, Nəqliyyat fakültəsi üzrə 81, Mexanika və informasiya texnologiyaları fakültəsi üzrə isə 62 tələbə buraxılış işinin müdafiəsinə buraxılacaq.
Fakültələr üzrə buraxılış işi müdafiə etməyən və akademik borcu olmayan digər dördüncü kurs tələbələrinin isə yekun dövlət attestasiyası dövlət imtahanı üzrə aparılacaq. Dövlət imtahanında tələbələr beş fənn üzrə ümumilikdə yüz sualı cavablandırmalıdırlar.
Bu il Nazirlər Kabinetinin qərarına əsasən, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar. Təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.
Qeyd edək ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsində yarana biləcək narazılıqların, neqativ halların zamanında həll edilməsi məqsədilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb.
İmtahan boyu şikayətlərə baxılması və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində rektorun sədrliyi ilə Münaqişə Komissiyası, imtahan sessiyasının gedişinə nəzarət, o cümlədən şəffaflığın təmin olunması məqsədi ilə Apellyasiya komissiyasi və “Qaynar xətt” də fəaliyyət göstərir.