Bakı Mühəndislik Universitetində (BMU) 2023/2024-cü tədris ili üzrə məzun günü keçirilib.
Tehsil.biz xəbər verir ki, açılış nitqi ilə çıxış edən universitetin rektoru Yaqub Piriyev məzunlara ən səmimi təbriklərini çatdırıb. Rektor bildirib ki, ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunduğu dövrə təsadüf edən builki məzun günündə ali məktəblə vidalaşan tələbələr həyatlarının növbəti dovrünə məhz qüdrətli, qalib Azərbaycan vətəndaşları kimi qədəm qoyurlar.
BMU-da qazandıqları bilik və bacarıqların məzunlara gələcək karyeralarında, cəmiyyətin ən yüksək pillələrində savadlı, peşəkar kadrlar kimi layiqli yer tutmaqda kömək edəcəyini deyən rektor Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza atdığını və dövlət başçımızın “qara qızılı” insan kapitalına çevirməyi hər kəsin qarşısında məqsəd qoyduğunu qeyd edib. Bu baxımdan hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı tikinti-quruculuq işlərinin getdiyinə diqqət çəkərək, BMU məzunlarının gənc mühəndislər kimi işğaldan azad olunan torpaqlarımızın yenidən qurulmasına öz töhfələrini verəcəklərinə inamını ifadə edib.
Ali təhsil ocağının rəhbəri bu il universitetdən ümumilikdə 1118 tələbənin məzun olduğunu nəzərə çatdırıb, müvafiq statistik göstəricilərə toxunub.
BMU məzunlarının işlə təminatı məsələsinə də diqqət çəkən rektor son illərdə onların məşğulluğunun 65%-in üzərində olduğunu, 72,5 %-nin öz ixtisası üzrə çalışdığını müsbət göstərici kimi xarakterizə edib. Ötən tədris ilində 1287 bakalavr məzundan 50 faizə yaxınının hazırda Azərbaycanda və müxtəlif xarici ölkələrdə magistratura təhsili almasını, soraqları xarici ölkələrin ən nüfuzlu təhsil müəssisələrindən, qabaqcıl şirkətlərindən gələn məzunların uğurlarının qürurverici olduğunu deyib. Eyni zamanda BMU ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı üzrə yaxın günlərdə ilk dəfə məzun olacaq gənclərin Azərbaycanın inkişafında mühüm rol oynayacağına inandığını söyləyib.
Gənclərə tövsiyələrini çatdıran Yaqub Piriyev onları həyatda hər zaman məqsədyönlü, kreativ düşüncəyə sahib olmağa, seçdikləri peşəyə sədaqətli qalmağa çağırıb, məzun olmaları münasibətilə bir daha təbrik edərək həyatda cansağlığı, karyeralarında uğurlar arzulayıb.
Sonra 2023-2024-cü tədris ilinin bakalavr, həmçinin magistratura səviyyəsi üzrə fakültə və ixtisas birinciləri, eləcə də universitet birincisi mükafatlandırılıb.