Logo

ABŞ-nin Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş olub

28.06.2024 18:22 117 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil müəssisəsinin BDU məzunu, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Şimali Dakota Universitetinin professoru Azər Əhmədovla görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

Rektor Elçin Babayev bildirib ki, BDU fəaliyyət göstərdiyi 105 illik dövr ərzində 200 mindən çox yüksəkixtisaslı mütəxəssis yetişdirib. BDU məzunları dünyanın müxtəlif ölkələrində və Azərbaycanda universiteti layiqincə təmsil edirlər. Rektor BDU-nun öz məzunları ilə fəxr etdiyini diqqətə çatdırıb.

O, BDU-da müasir dövrün tələblərinə uyğun infrastruktur islahatlarının aparıldığını, ABŞ-ın Şimali Dakota Universiteti ilə xüsusilə riyaziyyat və kimya istiqamətlərində əməkdaşlıq etməkdə, ikili diplom proqramı imzalamaqda maraqlı olduğunu deyib. Rektor Şimali Dakota Universiteti ilə “yaradıcılıq məzuniyyəti” (sabbatical leave) yolu ilə əməkdaşlıq imkanlarının olduğunu da söyləyib.

Şimali Dakota Universitetinin professoru Azər Əhmədov BDU məzunu kimi daim universitetin təəssübünü çəkdiyini bildirib, xüsusilə magistratura və doktorantura pillələrində əməkdaşlığın vacib olduğunu qeyd edib.

Xəbər lenti