Logo

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

28.06.2024 21:22 464 baxış
IMG

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) kommunikasiya strategiyasına uyğun olaraq, media qurumları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin, eləcə də, onların iqtisadi-maliyyə, o cümlədən investisiya sahəsində biliklərinin artırılması məqsədilə iyunun 27-28-də ARDNF-də “Suveren Fondların investisiya fəaliyyəti” mövzusunda təlim keçirilib.

ARDNF-dən "Tehsil.biz"ə bildirilib ki, qurumun icraçı direktorunun müavini Bəhruz Bəhramov media ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi və media mənsublarının maarifləndirilməsinin ictimaiyyətə mesajların düzgün formada çatdırılması və aşılanmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Təlim iştirakçılarına ARDNF-in yüksəkixtisaslı əməkdaşları tərəfindən Suveren Sərvət Fondlarının yaranma məqsədləri, missiyası, investisiya istiqamətləri, portfel bölgüsü, beynəlxalq fiskal qaydalar, səhm ticarəti, səhm bazarı indeksləri, sabit gəlirli qiymətli kağızlar, istiqrazlar və daşınmaz əmlak investisiyaları barədə ətraflı məlumat verilib və bu mövzularla bağlı təhlili materiallar təqdim olunub.

Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb və sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti