Azərbaycan Dillər Universitetində (ADU) Çin Kommunist Partiyasının yaradılmasının 103-cü ildönümünə həsr olunmuş “Çin Kommunist Partiyasının tarixi - Yeni Çinin tarixi: əsrlər boyu qırılmaz bağ” mövzusunda elmi seminar keçirilib. Seminarda Çinin Azərbaycandakı səfirliyinin diplomatlar, o cümlədən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Nərmin Qocaman müzakirələrdə iştirak etmişlər.
Açılış nitqi ilə çıxış edən ADU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, ÇKP 1921-ci ildə yaradılıb, inqilabdan qalib çıxdıqdan sonra Çin Xalq Respublikası qurulub. Həmin vaxtdan ÇKP qəhrəman Çin xalqına Çin səciyyəli sosializm quruluşunun yaranması istiqamətində, həmçinin siyasi və iqtisadi islahatların aparılması, aşkarlıq və müasir sosializm yolunda, xalqın böyük dirçəlişi uğrunda mübarizədə və Çində orta təbəqənin olduğu firavan cəmiyyətin qurulması işində daim yorulmadan rəhbərlik edir. O, ÇKP Baş katibi Sin Cinpin partiyanın sözlərini xatırladaraq qeyd edib ki, Çin kommunistlərinin əzəli istək və missiyası Çin xalqının rifahının yüksəldilməsi və Çin millətinin dirçəlişini təmin etməkdir. Bu, əsas təşəbbüs və missiya Çin kommunistlərini inkişaf yolunda daim ilhamlandırır. Tarix də sübut etmişdir ki, Kommunist Partiyası olmadan nə yeni Çin dövləti, nə də Çin səciyyəli sosializmi mövcud ola bilməzdi.
R.Abbasov Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əməkdaşlığın tarixindən, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi nümayəndə heyətinin 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında iştirakından danışıb və ümummilli lider Heydər Əliyevin nümayəndələrlə görüşünü xatırladıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə işgüzar səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikinci beynəlxalq forumda iştirak etmək üçün keçirdiyi görüşünü xatırladaraq, Çin Kommunist Partiyasının da Yeni Azərbaycan Partiyası ilə əlaqələrini fəallaşdırmağa, dövlət idarəetmə təcrübəsini bölüşməyə və iki ölkə arasında qarşılıqlı etimadı gücləndirməyə hazır olduğunu vurğulayıb. R.Abbasov, həmçinin ADU-nun Azərbaycan-Çin siyasi dialoqunun inkişafına verdiyi töhfələrdən, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət ilk dəfə Azərbaycan dilində materiallar toplusu barədə də danışıb.
Seminarda çıxış edən ADU-nun Siyasi Araşdırmalar Mərkəzinin direktoru, professor Əli Məmmədov da ÇKP ilə Azərbaycanda iqtidar Yeni Azərbaycan Partiyası arasında siyasi əməkdaşlıq və partiyalararası dialoq uğurla inkişaf etməkdə olduğunu qeyd etdi. O, onu da əlavə edib ki, ÇKP və Yeni Azərbaycan Partiyası arasında siyasi əməkdaşlıq çərçivəsində partiya nümayəndələrinin qarşılıqlı görüşləri təşkil olunur, dövlət və ictimai idarəetmə sahəsində, həmçinin siyasi-ideoloji sahədə təcrübə mübadiləsi aparılır, hər iki hakim partiya həm Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının fəaliyyətində, həm də “İpək Yolu İqtisadi Zolağı” proqramının həyata keçirilməsində fəal iştirak edir və tərəflərin milli maraqları nəzərə alınmaqla müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirilir.
AMEA Z.M.Bünyadov adına Şərşünaslıq İnstitutunun “Asiya-Sakit okean regionu ölkələri” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zenfira Şıxəlibəyli “Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi” mövzusunda çıxışında Çin Kommunist Partiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərin inkişafından və səmərəli əməkdaşlıqdan bəhs etmişdir. Z.Şıxəlibəyli prezident İlham Əliyevin Çinə səfərlərinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanı Çin üçün cəlbedici ölkəyə çevirən səbəbləri açıqlamışdır. O, Şərqdən Avropaya qədər uzanan nəqliyyat yollarından və nəhəng nəqliyyat layihələrinin çoxunun mərkəzində dayanan Azərbaycanın rolundan bəhs etmişdir.
Seminarda ADU-nun İctimai elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva çıxış edərək, 2000 ildən əvvəl Çin və Azərbaycanı sıx birləşdirən qədim İpək yolunun bu gün də dostluq münasibətlərinin iki xalq arasında ticarət və mədəni mübadilənin inkişafı və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət etdiyini qeyd edib. O, həmçinin qeyd edib ki, müasir Çinin tarixi ÇKP ilə qırılmaz şəkildə bağlıdır və onun rəhbərliyi altında qısa bir tarixi dövrdə ölkə qlobal gücə və dünya iqtisadiyyatının lokomotivinə çevrilib.
“Asiya-Sakit okean regionu ölkələri” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Ülkər Əliyeva “Çin Kommunist Partiyasının uğurlu xarici siyasət kursu” mövzusunda çıxış edərək, Çin liderlərinin yalnız öz dövrləri deyil, daha uzaq perspektivləri nəzərdə tutan inkişaf planları və layihələrinin uğuru, Çin və dünya iqtisadiyyatı üçün faydasından bəhs etmişdir.
Seminarda çıxış edən ADU-nun beynəlxalq əlaqələr kafedrasının müdiri, professor Aida Yusifzadə qeyd edib ki, Çin ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulandan bəri qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyü, daxili işlərə qarışmamaq, bərabərlik və qarşılıqlı fayda, dinc yanaşı yaşamaq prinsiplərinə əsaslanan ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri davamlı şəkildə inkişaf edib. O, həmçinin qeyd edib ki, ÇKP-nin yaratdığı unikal idarəetmə sistemi milli təhlükəsizliyə istənilən təhdidlərin öhdəsindən gəlmək iqtidarında olan təşkilatçı qüvvəyə çevrilib. Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətlərinə malik sosializm ideyası partiya quruculuğu üçün yeni yol və iki əsrin məqsədlərinin həyata keçirilməsi üçün yeni perspektivlər müəyyənləşdirdi.
Filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva “Çin Kommunist Partiyasının xarisi siyasət kursunun məqsədləri” mövzusunda çıxışında bildirmişdir ki, ÇKP-nın xarici siyasət kursunun məqsədləri dünyada sülhün qorunması və birgə inkişafa təkan vermək, yeni tipli beynəlxalq münasibətlər formalaşdırmaqdır.
Şöbənin digər əməkdaşı Afaq Nərimanova çıxışını ÇXR-nın təhsil islahatlarına həsr etmişdir. O, təhsil sistemində islahatların ölkənin inkişafında rolundan, Çin Kommunist partiyası rəhbərliyi və Çin hökumətinin siyasətinin Çini yarımfeodal ölkədən dünya səhnəsində liderə çevirməsindən bəhs etmişdir.
Günay Novruzova “Çin iqtisadiyyatının dünya iqtisadiyyatına təsiri” mövzusunda çıxışını “Açıq qapı” siyasəti və “Çin səciyyəli sosializm” quuruculuğu sayəsində Çinin qazandığı iqtisadi uğurlara həsr etmişdir.
“Asiya-Sakit okean regionu ölkələri” şöbəsinin daha bir əməkdaşı Ceyhun Mürşüdzadə isə Çin Kommunist Partiyası və Şimali Koreya arasında əlaqələrin istiqamətlərindən danışaraq, Çinin bu əlaqələrin Çin və dünya üçün faydalı təşkili istiqamətində səylərini vurğulamışdır.