Logo

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

03.07.2024 19:51 100 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetdən Tehsil.biz-ə bildirilib ki, tədbirdə çıxış edən rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin BDU-nun dünyaşöhrətli məzunu olduğunu xatırladıb, bütün məzunları Ulu Öndərin miras qoyduğu dəyərləri yaşatmağa çağırıb. Rektor deyib: “Bu gün həyatınızda dönüş nöqtəsidir, siz qalib ölkənin vətəndaşları kimi məzun olursunuz. Qalib, suverenliyini tam bərpa etmiş ölkəmizdə quruculuq, yaradıcılıq işləri sizi gözləyir. Bu müqəddəs yolda uğur nəsibiniz olsun!”.

BDU rəhbəri kollecin gördüyü işləri, universitet ilə sıx əməkdaşlığı yüksək qiymətləndirib, məzunların gələcəkdə bacarıqlı mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına əmin olduğunu bildirib.

Kollecin direktoru Səhər Orucova dövlətimizin təhsilə diqqət və qayğısından, bu tədris ilində görülən işlərdən söz açıb. O, BDU rəhbərliyinin hər zaman kolleci diqqətdə saxladığını və universitet ilə sıx əlaqədə fəaliyyət göstərdiklərini qeyd edib. Direktor bildirib ki, bu il kolleci 455 tələbə bitirir. Onlardan 257-si Azərbaycan, 198-i isə rus bölməsi üzrə təhsil alıb. Məzunlardan 13 nəfəri təhsilini fərqlənmə diplomu ilə başa vurub: “Əminik ki, kollecin məzunları ən yüksək pillələrdə olacaq, Azərbaycanın parlaq gələcəyi naminə bir çox işlər həyata keçirəcəklər”.

Abşeron Rayon İcra Hakimiyyəti (RİH) başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, valideyn Aynurə Axundzadə, məzun Pərvanə Məmmədzadə çıxışlarında əlamətdar gün münasibətilə məzunları təbrik edib, gənclərə uğurlar arzulayıb, onların müstəqil ölkəmizin hərtərəfli inkişafına layiqli töhfə verəcəklərinə əminliklərini söyləyiblər.

Kollecin ictimai həyatında xüsusi fəallıq nümayiş etdirən və təhsildə fərqlənən məzunlar diplom və təşəkkürnamələrlə təltif ediliblər.

Tədbir konsert proqramı ilə davam edib.

Xəbər lenti