Logo

BDU Çinin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir

04.07.2024 15:50 121 baxış

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 2004-cü ildən regionşünaslıq (Çin üzrə) ixtisası açılıb. Hər il fakültəyə təxminən 10 tələbə bu ixtisas üzrə qəbul olunur. 2009-cu ildən bu sahə üzrə magistratura təhsili həyata keçirilir. Həmin ildən, eyni zamanda, Çinin Anhui Universiteti ilə əməkdaşlıq nəticəsində BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb. İnstitutda Çin dili, Çin mədəniyyətinin təbliği və öyrənilməsi sahəsində mühüm işlər görülür. “Çin körpüsü” adlı Çin dili üzrə beynəlxalq yarış təşkil olunur. Yarışın qalibi Çində ölkəmizi təmsil etmək fürsəti əldə edir. 2022-ci ildə Şərqşünaslıq fakültəsində Çin filologiyası ixtisası açılıb.

Bu barədə Tehsil.biz-ə BDU-dan məlumat verilib.

BDU Çinin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Ötən il dekabrın 8-də BDU, Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin imzalanmasında əsas məqsəd Çin və Azərbaycan arasında təhsil mübadiləsini təşviq etmək, Anhui Universiteti və BDU-nun əməkdaşlığını daha da gücləndirmək və Anhui Universitetinin Çin dili və ədəbiyyatı üzrə üstünlüklərindən tam şəkildə yararlanmaq üçün BDU-da yerli Çin dili müəllimləri proqramını dəstəkləməkdir.

Müqaviləyə əsasən, 4 illik bakalavr təhsili müddətində BDU-dan seçilmiş tələbələr üçüncü və dördüncü kurslarda beynəlxalq Çin dili təhsili ixtisası üzrə Anhui Universitetində təhsil alacaqlar. Çin dilində ixtisaslaşan BDU tələbələri kurikulumda qeyd olunduğu kimi, birinci və ikinci kursu BDU-da bitirməlidirlər. Tələblərə cavab verən tələbələr Anhui Universitetində beynəlxalq Çin dili təhsili ixtisası üzrə bakalavr proqramında təhsillərini davam etdirə biləcəklər. Anhui Universiteti və BDU-nun nəzarəti altında birlikdə hazırlanmış tədris proqramı üzrə bütün kursları bitirmiş, imtahanları keçmiş, habelə buraxılış işinin müdafiəsini etmiş tələbələr proqramı bitirmiş hesab ediləcək və hər iki universitetin bakalavr dərəcəsi diplomunu əldə edəcəklər.

Anhui Universiteti və BDU tərəfindən birlikdə qurulan Konfutsi İnstitutu BDU-da filologiya (Çin dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan tələbələr üçün birinci və ikinci tədris illərində Çin dili kursları təşkil edir və bununla da bakalavr dərəcəsi üzrə ikili diplom proqramının həyata keçirilməsində tərəflər arasında əlaqələndirici rolunu oynayır.

Bu müqaviləyə hər il BDU-nun 15-ə qədər tələbəsi qoşulacaq. Layihədə yalnız Azərbaycan vətəndaşı olan və BDU-nun filologiya (Çin dili və ədəbiyyatı) ixtisası üzrə əyani təhsil alan tələbələri iştirak edə bilərlər.

Bundan əlavə, BDU Çinin Pekin Xarici Dillər Universiteti, Hefei Texnologiya Universiteti, Tongji Universiteti, Tianshui Normal Universiteti və s. universitetləri ilə ikitərəfli əməkdaşlıq müqavilələri imzalayıb. Hazırda BDU-da 44 çinli tələbə təhsil alır.

BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutu Şərqşünaslıq fakültəsi ilə sıx əməkdaşlıq edir. Mütəmadi şəkildə Çin mədəniyyəti günü keçirilir, Çin dilinin öyrənilməsini daha effektiv etmək məqsədilə tələbələrə ödənişsiz danışıq klubları təşkil edilir. Həmçinin fakültənin Çin dili üzrə təhsil alan tələbələri Konfutsi İnstitutunun təşkil etdiyi yay məktəbində iştirak edirlər. Yay məktəbi Çinin Anhui universitetində keçirilir. Qeyd etmək lazımdır ki, Şərqşünaslıq fakültəsində Çin dili dərslərini Çin Xalq Respublikasından dəvət olunmuş müəllimlər və Konfutsi İnstitutunun müəllimləri aparır.

Konfutsi İnstitutu Çin dili üzrə səviyyə imtahanlarını da keçirir. Bundan başqa institut tələbələrin Çində təhsil almaları üçün onları müxtəlif təqaüd proqramlarına da cəlb edir.

Xəbər lenti