Logo

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

04.07.2024 22:25 233 baxış
IMG

Türkiyənin Üsküdar Universitetinin rektoru professor Nazife Güngörün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

Bu barədə Tehsil.biz-ə AzMİU-dan məlumat verilib.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Üsküdar Universiteti arasında əməkdaşlıq memorandumunun mövcud olduğunu qeyd edib. Rektor əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli şəraitin formalaşdığını bildirib. Son illər Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) inkişafı, eləcə də ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşməsinin AzMİU ilə Türkiyənin digər universitetləri kimi Üsküdar Universiteti arasında da əməkdaşlıq üçün yeni perspektivlər yaratdığını qeyd edib.

Rektor əlavə edib ki, ölkəmizdə universitetlərin beynəlmiləlləşdirilməsi siyasətinə uyğun olaraq AzMİU-da konseptual iş aparılır: “Biz xarici universitetlərlə əməkdaşlığa çox böyük önəm veririk. Universitetimizin Qərb ali təhsil sisteminə inteqrasiyasında maraqlıyıq və bu işdə Türkiyə universitetləri ilə əməkdaşlığımız xüsusi əhəmiyyətə malikdir. Hesab edirəm ki, əlaqələrin yaxınlaşması, o cümlədən bugünkü görüşümüz uyğun ixtisaslar üzrə aktiv əməkdaşlıqla nəticələnəcək”.

Üsküdar Universitetinin rektoru professor Nazife Güngör AzMİU ilə güclü əməkdaşlığın qurulacağına inamını ifadə edib. Eyni zamanda, əməkdaşlığın inkişaf etdirilməsi, şaxələndirilməsi, həmçinin yeni əməkdaşlıq formatlarının yaradılmasının vacibliyini vurğulayıb: “İki universitetin ortaq ixtisaslar üzrə əməkdaşlığı üçün hər iki tərəfin maraqlı olması sevindiricidir. Biz AzMİU ilə qrafik dizayn, animasiya, elektrik və elektronika mühəndisliyi üzrə əməkdaşlıqda çox maraqlıyıq. İlkin olaraq bu ixtisaslar üzrə əlaqələrin genişlənməsinin bizim üçün qarşıda əlavə imkanlar yaradacağı şübhə doğurmur”.

Çıxışlarda “Erasmus+”, “Orhun”, “Mövlanə” mübadilə proqramları çərçivəsində əməkdaşlıq, ortaq tədqiqat, ortaq elmi məqalələrin yayımı və bir-birinə dəstək olmaqla beynəlxalq reytinqin yüksəldilməsi məsələlərinə də toxunulub. Tərəflər əməkdaşlıq potensialının yüksəldilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələləri də müzakirə ediblər. Bundan əlavə, AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrası ilə Üsküdar Universitetinin Elektrik və elektronika mühəndisliyi kafedrasının birgə elmi seminarının keçirilməsi qərara alınıb. Qeyd edilib ki, bu qərar hər iki universitetin akademik heyətinin tanışlığı, birgə elmi müzakirələrin aparılması və yeni əməkdaşlıq layihələrinin formalaşdırılması baxımından mühüm addım olacaq.

Xəbər lenti