Logo

Botanika İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə araşdırmaları davam etdirilir

05.07.2024 00:03 292 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu və Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında olan saziş üzrə elmi-tədqiqat işləri davam etdirilir.

Botanika İnstitutundan Tehsil.biz-ə bildiriblər ki, elmi-tədqiqat planına uyğun olaraq Eksperimental botanika şöbəsinin əməkdaşları ekspedisiyada olublar.

Ekspedisiyanın məqsədi bitkilərdə virus və göbələk patogen infeksiyalara qarşı yüksək bioloji aktivliyə malik makrolakton birləşmələrinin və saponinlərin təsirini öyrənmək, müxtəlif bitki növlərində olan xəstəlik və virusların qarşısının alınmasında antibiotiklərin və antioksidantların tətbiqi istiqamətində birgə tədqiqat işlərinin aparılması olub.

Alimlər meyvə ağaclarında olan xəstəliklərə (viruslara) qarşı İNFANVİR və saponin preparatlarının müsbət təsirini öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan 12 saylı meyvə təcrübə sahəsində tədqiqatlar aparıblar. İşin məqsədi yeni yaradılan İNFANVİR preparatının istifadəsi üçün kənd təsərrüfatı sahəsində geniş imkanların təklif edilməsidir.

Alimlərin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Bitki biotexnologiyasi laboratoriyasında apardığı təcrübələr göstərir ki, müxtəlif meyvə (gilas, şaftalı və gavalı) növlərində yaranan xəstəliklərə qarşı təklif olunan antibiotik və antioksidantların istifadəsi əlverişli ola bilər. Alınan nəticələr biokimyanın bir sıra müasir testlərinin (DNT ekstraksiyası, PCR reaksiyası və gel elektrofarez üsul) köməyilə aparılıb. Tədqiqatlardan alınan nəticələr gələcəkdə bir sıra məqalələrdə öz əksini tapacaq.

Ezamiyyət müddətində alimlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında olublar. Görüş zamanı universitetin rektoru Yusif Əliyev alimləri təhsil müəssisəsində aparılan elmi və tədris-metodiki işlərlə tanış edib. Botanika İnstitutu ilə əməkdaşlıq imkanları müzakirə olunub, müştərək elmi-tədqiqatların aparılması üzrə müvafiq təkliflər irəli sürülüb.

Xəbər lenti