Gürcüstanda fəaliyyət göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzində tədris ilinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə tədris ilini uğurla başa vuran tələbələrə və şagirdlərə sertifikatlar təqdim olunub.
Mərkəzin direktoru Çiçək Hüseynova çıxışında bildirib ki, 2023-cü ilin sentyabrında fəaliyyətə başlayan mərkəzdə 300-ə yaxın tələbə və şagird Azərbaycan, gürcü və ingilis dilləri, eləcə də rəsm, musiqi üzrə təhsil alıb, bilik və bacarıqlarını artırıblar. Bu gün kursları uğurla başa vuran 220 nəfərə sertifikat verilir.
Təhsil və İnteqrasiya Mərkəzinin təsisçisi Raul Əliyev bildirib ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə fəaliyyətə başlayan mərkəz artıq cəmiyyətdə böyük nüfuz qazanıb. Mərkəzdə onların keyfiyyətli təhsil almaları, bilik və bacarıqlarını artırmaq üçün hər cür şərait yaradılıb. Bu il Mərkəzdə təhsil almış şagirdlərin bir çoxu Gürcüstan universitetlərinə qəbul olmaq üçün sənəd veriblər.
Raul Əliyev göstərilən dəstəyə və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov çıxışında Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb. Gəncləri daha yaxşı oxumağa, təhsil almağa dəvət edən diplomat bildirib ki, təhsil insanların inteqrasiyasında mühüm rol oynayır.
Qafqaz Müsəlmanlar İdarəsinin Gürcüstandakı nümayəndəsi Məhəmməd Şamilov, fəlsəfə üzrə elmlər doktoru Aygün İsayeva, “Maarif” qəzetinin redaktoru Ələddin Qarabağlı, Mərkəzin Azərbaycan dili müəllimi Sevda Şahverdiyeva çıxış edərək gənclərə uğurlar arzulayıblar.
Tədbirdə Qardabani merinin müavini Fuad Mirzəyev, ziyalılar və valideynlər iştirak ediblər.