Logo

TƏBİB-də Kipr Bahçeşehir Universitetinin rəhbərliyi ilə görüş keçirilib

05.07.2024 10:49 270 baxış
IMG

TƏBİB-də Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Bahçeşehir Universitetinin rəhbərliyi ilə görüş keçirilib.

“Tehsil.biz” xəbər verir ki, görüşdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavini Araz Nəsirov, aidiyyəti struktur bölmələrin rəhbərləri, Kipr Bahçeşehir Universitetinin rektoru Mehmet Toycan, universitetin baş katibi Mustafa Toycan və digər səlahiyyətli şəxslər iştirak edib.

Qonaqları səmimiyyətlə salamlayan Vüqar Qurbanov ölkəmizdə səhiyyə və təhsil sektorunda həyata keçirilən işlərdən, dövlət qayğısından danışarkən bildirib ki, bu gün bir çox sektorlar kimi sosial həyatın ən vacib istiqamətləri olan bu iki sahədə də inkişafyönümlü intensiv işlər görülür.

TƏBİB-in fəaliyyət istiqamətləri, tibb müəssisələrində xidmətin təşkili üzrə həyata keçirilən tədbirlər, icbari tibbi sığortanın tətbiqindən sonra əldə olunan yüksək nəticələr barədə qonaqlara ətraflı məlumat verilib.

Xəstəxana idarəetməsində zəngin təcrübəyə malik beynəlxalq klinika, şirkət və beyin mərkəzləri ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdıran İcraçı direktor bu gün TƏBİB-in tabeliyindəki tibb müəssisələri üçün JSI (xəstələrin təhlükəsizliyini və səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması) beynəlxalq sertifikatının alınması istiqamətində işlərin aparıldığını bildirib. Bu mənada elmi-tədqiqat mərkəzi rolunu oynayan, eyni zamanda tədris və təlim yolu ilə kadrların bilik və bacarıqlarının artırılmasında təcrübəli tərəfdaşlarla əməkdaşlığın faydalı ola biləcəyini qeyd edib.

Rektor Mehmet Toycan bildirib ki, əsas qərargahı İstanbulda olan Bahçeşehir Universiteti Vaşinqton, Berlin, Batumi və Lefkoşa kimi şəhərlərdə müxtəlif bakalavr və magistr proqramları üzrə dünyanın hər yerindən tələbələrə təhsil verir:

“Universitetin təqdim etdiyi müxtəlif təlim proqramları arasında səhiyyə peşəkarları üçün idarəetmə təlimləri, eləcə də tibbi ixtisaslar hər il yüzlərlə mütəxəssis yetişdirir. Təhsil müəssisəsi səhiyyə idarəetməsində süni intellektin tətbiqi üzrə uğurlu həllər təklif edir. Universitetin bazasında tədrisyönümlü 4 psixoloji mərkəz fəaliyyət göstərir”.

Sonda həkim və tibb bacılarının bilik-bacarıqlarının artırılması, səhiyyə menecmenti üzrə təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi qərara alınıb.

Xəbər lenti