Logo

BMU-İNHA ikili diplom proqramının ilk “Məzun Günü”

08.07.2024 16:03 440 baxış
IMG

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) ilk “Məzun Günü” keçirilib.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən “Tehsil.biz”ə verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin rəsmiləri, Koreyanın ölkəmizdəki səfirliyi, həmçinin KOİCA-nın əməkdaşları, hər iki universitetin rektorları, professor-müəllim heyəti, eləcə də məzunların iştirak etdiyi tədbir şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla anılması, ardınca Azərbaycan və Koreyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

BMU-nun rektoru Yaqub Piriyev ikili diplom proqramından məzun olan tələbələri ürəkdən təbrik edib, onlara karyera pilləsində bol uğurlar arzulayıb.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu xaricdə təhsil ənənəsinin davamı olaraq Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə önəmli tədbirlərin həyata keçirildiyini vurğulayan rektor müxtəlif proqramlar çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alan gənclərin böyük əksəriyyətinin geri qayıdaraq ölkəmizin inkişafına töhfələr verdiyini bildirib.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında icra olunan BMU-İNHA İDP haqqında ətraflı məlumat verən Yaqub Piriyev proqram çərçivəsində hazırda 385 tələbənin təhsil aldığını və artıq 61 tələbənin həmin proqramdan ilk dəfə məzun olduğunu söyləyib.

Proqramın Azərbaycanın təhsil sistemində yeni olmasına baxmayaraq, BMU-nun tarixinə mühüm hadisə kimi düşdüyünü söyləyən rektor ilk dəfə xarici tərəfdaş universitetlə bu həcmdə bir layihə çərçivəsində əməkdaşlıq edildiyini, bunun nəticəsində professor-müəllim heyətinin nəzəri və praktiki biliklərinin təkmilləşdiyini deyib. Ali təhsil ocağının rəhbəri diqqətə çatdırıb ki, cari tədris ilinin əvvəlində proqram üzrə nəzərdə tutulmuş 123 nəfərlik qəbul kvotası ilk dəfə 100% dolub, bu isə proqramın yaratdığı maraq və onun əhəmiyyətini aydın ifadə edir.

Koreyada təhsil alan tələbələrin yüksəkixtisaslı mühəndis kadrlar kimi işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına töhfələr verəcəklərinə inandığını söyləyən Yaqub Piriyev proqramın uğurla gerçəkləşməsində əməyi keçən hər kəsə, ilk növbədə, professor-müəllim heyətinə təşəkkür edib. Rektor, eyni zamanda tələbələrin valideynlərinə minnətdarlığını çatdırıb, məzunlara isə bir daha karyeralarında uğurlar, həyatlarında cansağlığı və xoşbəxtlik arzulayıb.

Elm və Təhsil Nazirliyi adından məzunları təbrik edən nazir müavini İdris İsayev ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Gənclərin nüfuzlu xarici universitetlərdə təhsil almaları üçün qəbul olunan dövlət proqramlarının əhəmiyyətini, yüksəkixtisaslı kadrların yetişməsində müsbət rolunu vurğulayaraq bildirib ki, bütün təhsil səviyyələrini əhatə edən dövlət proqramları təhsillərini xaricdə davam etdirmək istəyən məzunlar üçün geniş imkanlar yaradır.

Məzunların qazandıqları bilik və bacarıqların gələcək əmək fəaliyyətlərində onlara böyük kömək olacağını deyən İdris İsayev ölkəmizdə müasir bilik və bacarıqlara malik kadrların əmək fəaliyyəti üçün də əlverişli imkanların mövcud olduğunu sözlərinə əlavə edib. Bu gün məzun olan gənclərin nailiyyətlərini həm də hər iki universitetin professor-müəllim heyətinin uğurları kimi xarakterizə edən nazir müavini müəllimlərə, habelə övladlarının yetişməsində və təhsillərində böyük dəstək olan valideynlərə minnətdarlığını bildirib. Cəmiyyətimizin inkişafının savadlı gənclərdən asılı olduğunu deyən İdris İsayev məzunları öz üzərlərində daim işləməyə, bilik və bacarıqlarını artırmağa çağırıb.

İNHA Universitetinin rektoru Cho Myeong Voo isə çıxışında 2020-ci ildə BMU tələbələrini İNHA-da qarşıladığı günü xatırlayıb, pandemiya dövrünün çətinliklərində təhsilinə davam edən, oxuyan tələbələrin əzminin, fədakarlığının nəticəsi olan məzun buraxılışı mərasimində xoş hisslər keçirdiyini dilə gətirib.

“Məzun olmaq son deyil, yeni başlanğıcdır, yeni başlanğıclar çətin görünsə də, sonsuz imkanlar və nailiyyətlərin qazanılması üçün şansdır”-deyən rektor gəncləri hər zaman yeniliklərin arxasınca getməyə, sonsuz imkanlara inanmağa səsləyib. Məzunlara uğurlar və xoşbəxtlik arzulayan Cho Myeong Voo BMU ilə əməkdaşlıq çərçivəsində İNHA Universitetinin proqram məzunlarının 10%-nə bu universitetin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayıracağını, istedadlı tələbələrin inkişafları üçün köməklik göstəriləcəyini bildirib.

Koreyanın Azərbaycandakı səfirliyinin əməkdaşı xanım You Kyoung Hvang da məzunları təbrik edərək iki universitet arasındakı diplom proqramını Koreya ilə Azərbaycanın təhsil sahəsində əlaqələrinin ən bariz nümunəsi adlandırıb. Səfirlik nümayəndəsi BMU-İNHA İDP-yə bundan sonra neçə-neçə məzun buraxılışları həyata keçirən ən uğurlu təhsil əməkdaşlığı layihəsi kimi böyük ümidlər bəslənildiyini bildirib. Əlavə edib ki, proqramın məzunları Koreya ilə Azərbaycanın gələcəyə istiqamətlənmiş əlaqələrinin inkişafında böyük rol oynayacaqlar.

Çıxışlardan sonra 2023/2024-cü tədris ili məzunlarından ixtisas birincilərinə fəxri diplomlar təqdim olunub, eyni zamanda proqramın digər məzunları da mükafatlandırılıb.

Tədbir məzunların “papaq atma” mərasimi və ikili diplom proqramı tələbələrinin ifasında Azərbaycan, həmçinin Koreya rəqslərinin nümayişi ilə başa çatıb.

Xəbər lenti