Logo

MİQ-də yüksək bal toplayan cütlük: Suallar peşəkar hazırlanmışdı

08.07.2024 17:53 302 baxış
IMG

Müəllimlərin işə qəbulu imtahanları davam edir. İmtahanların çətin olması ilə bağlı müəyyən fikirlər səsləndirilsə də, yüksək nəticə əldə edənlər də az deyil. Bu gün Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu imtahanlarında Ələkbər Ağayev kimya fənnindən 95, Sura Rüstəmova isə ingilis dili fənnindən 93,75 bal toplayıb. Qeyd edək ki, yüksək nəticə əldə edən müəllimlər ər-arvaddırlar.

Kimya müəllimi Ələkbər Ağayev uğur sirlərini, imtahana hazırlıq mərhələsini və suallarla bağlı fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşüb: 

“Yüksək nəticə əldə etmək üçün, əsasən, kurikulum üzrə hazırlaşdım. Hazırlığım onlayn dərslər vasitəsilə baş tutdu. İmtahana son bir neçə gün qalmış TAİM-in testlərindən işləməyə başladım. Bu testlər mənə olduqca kömək etdi”. 

Ə.Ağayev bildirib ki, suallar çətin olsa da, həll edilə bilməyəcək qədər qəliz deyildi: “Keçən il də bu imtahanda iştirak etmişdim, ona görə bu il çətin olacağını gözləyirdim. Buna nəzərən tələsmədən, sakit düşünərək və ən önəmlisi mexaniki səhv eləmədən sualları cavablamağa çalışdım. Hər kəs imtahanın çətin olduğunu deyir. Hər halda yeni başlayanlar üçün çətin, təcrübəli müəllimlər üçün asan hesab etmək olar. Suallar qəliz deyildi, sadəcə deyə bilərəm ki, kimyanı bizə fərqli tərəfdən təqdim edirdi”. 

Yüksəl nəticə göstərən kimya müəllimi deyir ki, suallar olduqca peşəkar hazırlanmışdı: “Məsələn, kimyanın çox sadə mövzularından maraqlı suallar ərsəyə gətirmişdilər. Bu mənada sualları hazırlayan müəllimlərə təşəkkür düşür. Lakin bundan sonrakı illərdə də suallar bu şəkildə olsa, yeni başlayan müəllimlər bir qədər əziyyət çəkəcək. Hesab edirəm ki, bu da öz növbəsində normal haldır”.

Ələkbər Ağayev çalışmaq istədiyi bölgə və məktəb barədə sualımızı belə cavablandırıb: “Bundan sonra çalışmaq istədiyimiz məktəb və bölgə vakansiyalardan asılıdır. Elə özüm də Naxçıvanda təhsil almışam. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin Kimya-təbiətşünaslıq fakültəsinin "Kimya" ixtisasını bitirmişəm. Ona görə də yaxın məktəblərdə vakansiya olsa, Naxçıvanda qalıb çalışmaq fikrimiz var. Əks halda fəaliyyətimizi Bakıda da davam etdirə bilərik”.

Yüksək nəticə əldə etməyin sevincini yaşayan ingilis dili müəllimi Sura Rüstəmova bildirib ki, yoldaşı ilə eyni hazırlıqları keçib: “Əslində, suallar əvvəlki MİQ imtahanının suallarına nəzərən olduqca yaxşıdır. Müqayisə etdikdə xeyli irəliləyiş olduğunu görürük. Amma təcrübəsiz və yaxud hazırlıqsız bir müəllim üçün çətin ola bilər. Ümumilikdə isə suallar səviyyələrə bölünmüşdü. Hər səviyyədə sual var idi. Bu da həm yaxşı, həm də orta səviyyədə hazırlaşmış müəllimlər üçün bərabər şərait yaradır”.

Xəbər lenti