Logo

Qoy, Paşinyan Şuşada əlində yallı getdiyi yaylığını ağ bayraqla əvəzləsin...

09.10.2020 16:44 458 baxış
IMG

Azərbaycan Ordusunun qarşısında diz çökəcəyini qanan Ermənistan “nazirbaşı” Paşinyanın rəsmi Bakıya yalvaraq, danışıqlara razı olduğunu bildirsə də, dolayısı ilə yenə özündən bəzi şərtlər irəli sürməyi heç qəbuledilməzdir.

 

Barmağı “yerə-göyə” zəng etməkdən döyənək olub, əli göydə qalmış bu “Soros yalını” yalayanın əvvəlki 7 şərtinin qəbuledilməzliyi azmış kimi, indi də yeni  şərtlər irəli sürməsi onun həyasızlığının artıq son həddi deməkdir. Ancaq heç bir dildə nə danışdığı bilinməyən “emənibaşının” France-Press agentliyinə verdiyi son müsahibəsində Azərbaycanın əvvəllər getmək istədiyi güzəştlərə hazır olduğu təqdirdə, Ermənistanın da Qarabağla bağlı güzəştlərə hazır olacağını söyləməsini “Sputnik Armeniya”da şərh edən erməni politoloq, Qafqaz İnstitutunun eksperti Hrant Mikaelyan ağılda Paşinyandan da betər olduğunu açıq şəkildə sübut edib.

 

Burada, “Ermənistan hakimiyyəti və Paşinyana görə, Qarabağın tənzimlənməsi kontekstində bu güzəştlər güzgülü olmalıdır”, - deyən, Hrant Mikaelyan yaxşı olardı ki, əvvəlcə gedib evindəki güzgüsünü yuyub sifətinə  yaxşı-yaxşı baxsın.

 

Baxın, o, İrəvanın Bakının edəcəyi güzəştləri edəcəyini dilə gətirməkdən utanmadan, “Ermənistan bir tərəfdən proqnozlaşdırıla bilən tərəfdaş mövqeyini nümayiş etdirir, digər tərəfdən də Qarabağla bağlı “qırmızı xəttləri” qeyd edir”, - deyə, öz başsız “başçısının” şərtini dəstəkləyir. Bu azmış kimi, “bir ayağı burda, bir ayağı gorda” olan Paşinyanın irəli sürdüyü şərti ən ali şərt sayaraq, konstruktivlikdən dəm vuran Mikaelyan "bu, çox səlahiyyətli və balanslı bir formuladır. Bir tərəfdən konstruktiv olduğumuzu, digər tərəfdən itirən tərəf olmadığımızı söyləyirik. Bu formulu danışıqlarda sona qədər qoruyub saxlaya bilsək, bu bizim üçün çox yaxşı olacaq",- deməkdən də xəcalət çəkmir.

 

Dilənçiliklə xarici tərəfdaşlarından epizodik yardım olmasına baxmayaraq, onun  heç də əhəmiyyətli bir rol oynamadığını etiraf edən erməni politoloq öz ölkəsinin son dərəcə sərt mövqe tuta bilməməsinin səbəbini Azərbaycanın Türkiyədən hərbi, texniki, diplomatik dəstəyindən istifadə etdiyini bəhanə gətirərək, Ermənistan və Qarabağın öz təhlükəsizliyini müstəqil şəkildə qorumağa məcbur olduğunu ön plana çəkir. Bununla yanaşı, döyüşdə məğlub olacağına hələ də inanmaq istəməyən Mikaelyan həyasızlıqla İrəvanı dünya birliyinin dəstəyini almaq üçün danışıqlarda daha çevik olmağa çağırır.

 

Yuxarıda qeyd etdiyimiz “qırmızı xətt”ə gəlincə isə politoloq “ermənicəsinə” özündən yeni şərtlər irəli sürür, “Birinci, heç bir halda ərazini danışıqlar yolu ilə, döyüşmədən verməməlisiniz. Azərbaycanın zorla almaq istədiyini dünyaya təslim etmək qəbuledilməzdir. İkinci, Dağlıq Qarabağın Ermənistanla quru əlaqəsi olmalıdır - nə qədər geniş olsa, bir o qədər yaxşıdır (Laçın dəhlizi, “Vardenis-Karvaçar” (Basarkeçər-Kəlbəcər -M.A.). Üçüncü, nəhayət, mübadilə uzunmüddətli və sabit bir sülhü əhatə etməlidir. Təcrübə göstərir ki, Ermənistanla şantaj və təhdid dilində danışmaq olmaz”, - deyə, şərtlərini tamamlayır.

 

Ancaq, istər telefonu əldən yerə qoymayıb Azərbaycan Ordusundan xilas olmaq üçün dünyaya yalvaran “7 şərtli” Paşinyan, istər Qarabağda siçan deşiyində gizlənib özünün əlavə verdiyi şərtlərinə it kimi peşiman olan Araik Arutyunyan, istərsə də bu siyasətbaz Mikaelyan bir şeyi qanmalıdırlar: Qarabağ - Azərbaycandır! Qarabağla  bağlı şərti yalnız Azərbaycanın Ali Baş Komandanı qoya bilərdi və artıq qoyub! Ermənistan ordusu Azərbaycan ərazisindən rədd olmalıdır, vəssəlam!

 

“Pazı pazla çıxararlar” deyimini əsas gətirərək, Mikaelyanın şətlərinin qarşısına isə indi mən öz şərtlərimi qoyuram: Birinci, separatçı, terrorçu xislətinə malik olduqlarına görə, əvvəllər Qarabağda yaşamış Azərbaycan vətəndaşı olan ermənilərə bu gündən sonra heç bir muxtariyyət verilməsin. İkinci, İrəvan, Ermənistan ərazisindən zorla qovulmuş 300 mindən artıq azərbaycanlı qaçqınların vaxtilə nisbətən sıx - 61 kənddə yaşadıqları Zəngəzur mahalı ərazisinə - Meğri, Qafan, Qarakilsə (Sisian) və Gorus rayonlarına qayıtmasına razılıq versin. Üçüncü, Ermənistan hökuməti son 32 ildə Azərbaycana vurduqları maddi-mənəvi ziyanın və insani itkilərin əvəzinə kompensasiya olaraq, Azərbaycanla Naxçıvanın quru əlaqəsi olmadığına görə onları birləşdirəcək torpaq versin. Özü də bu, nə qədər geniş olsa, bir o qədər yaxşıdır.

 

İndiki halda isə əgər Paşinyan Azərbaycan Ordusunun cəngavərlərindən öz canını və xalqının “müqəddəratını” qurtarmaq istəyirsə, əvvəlcə onda qoy, irəli sürdüyü “şərtlərini” isladıb suyunu içsin. Bu sudan içib ağıllandıqdan sonra isə, qismən bağışlanılması üçün, Şuşada əlində tutub yallı getdiyi yaylığını əsir düşmüş əsgərləri kimi ağ bayraqla əvəzləsin və Azərbaycan Ali Baş Komandanının, həmçinin, xalqının qarşısında diz çöküb həm öz, həm də xalqı adından ən azı 7 dəfə üzr istəsin!

 

Mübariz Əhmədov,
Bakı Slavyan Universitetinin dosenti

Xəbər lenti