Logo

Təbiblərin hökmdarı - İbn Sina

14.07.2024 12:04 354 baxış
IMG

Ucsuz-bucaqsız səhrada hərəkət edən üç insanın necə əldən düşməsi kölgələrindən də bilinirdi. Sürünən kölgələr sanki neçə gün idi ac-susuz yol gələn, azuqələri tükənən üç insan haqqında rekviyem oxuyurdu... “Kimsə dayanmalı, kimsə ölməlidir...” - deyirdi kölgələr. Üç nəfərdən birinin gözü yanındakı yolyoldaşından ayrılmır. Diqqətlə onun yorğun vücuduna, çuxura düşmüş gözlərinə baxır. Bu gözlərin bir vaxtlar alışdığı zamanı, yəni həmin insanın on yaşı olduğu vaxtı xatırlayır. Yadına gəlir ki, o zaman cəmi on yaşı olmasına baxmayaraq, bütün Quranı əzbər bilən, müəllimlərini məntiq və kəlam elmləri ilə bağlayan həmin uşağı əslində o, bu gün məşəqqətli səhraya düçar edib. Çünki indi ona yoldaşlıq edən adam hələ on yaşı olan zaman Qurqənc şəhərinin qoca həkimi Məsihi, Buxaraya gəlmiş, dövlət məmuru Abdullahın evində qonaq olarkən həmin fərasətli oğlana belə demişdi: “Sən təbabəti sev, beynində bütün elmlərlə yanaşı, ən çox bir elmə yer olsun, insanları xilas et, xəstəlikləri öldür”. Elə bu sözlərdən sonra o vaxt on yaşı olan Abdullah oğlu Hüseyn – İbn Sina həyatda rahatlıq anlayışının nə olduğunu yadırğamışdı...

Səhra ilə hərəkət edən üç nəfərdən biri yenicə iflas etmiş Samanilər dövlətinin adlı-sanlı həkimi Məsihi, o biri isə bütün dünyanın böyük zəka sahiblərindən olan İbn Sina idi. Hakimiyyətə rəqiblərini əzərək gələn, paytaxtı Qəznə şəhərinə köçürərək Mərkəzi Asiyada nəhəng Qəznəvilər dövlətinin əsasını qoyan Sultan Mahmud Qəznəvi dövrün bütün şairlərini, alim və filosoflarını öz ətrafına toplayırdı. Lakin bir əmma var idi ki, o, elmi, əsasən dini rituallar üzərində məhdudlaşdırmağı və fəlsəfəni, məntiqi öz “elm”indən uzaq tutmağı alimlərdən tələb edirdi. Hələ 17 yaşı olan zaman Buxara əmirini ölümcül xəstəlikdən xilas edərək dünyanın ən böyük kitabxanalarından olan Buxara kitabxanasına giriş hüququnu əldə edən İbn Sina isə bununla razılaşa bilmirdi. İş o yerə çatdı ki, Qəznəvilər Buxaranı talayıb, nəhəng kitabxananı yandırdılar. Amma İbn Sina artıq o elm məbədindən öz nəsibini almışdı. Odur ki, sultana baş əyməyib gizlincə şəhəri tərk etdi, dövrün başqa bir elm və mədəniyyət mərkəzlərindən olan Xarəzmə yol aldı. Xalq və xarəzmşah təbibi çox yaxşı qarşılayıb bir müddət ona xüsusi diqqət göstərsələr də, Sultan Mahmudun qəfil yolladığı məktub hər şeyi dəyişdi. Məktubda Sultan Mahmud İbn Sinanın Xarəzmdə olduğunu eşidib təcili Qəznəyə dönməsini tələb edirdi. Xarəzmşaha isə yazırdı ki, yəqin ki, dövrün böyük alim və filosoflarının mənim sarayımda olmalarına narazılıq etməzsiniz. Şah üçün, Xarəzmin Sultan Mahmudun hücumlarından qorunması böyük alimlərin onun sarayında olmasından daha əhəmiyyətli idi. Odur ki, İbn Sina vəziyyəti qabaqcadan dərk edərək Xarəzmdəki iki dostundan biri – tibb müəllimi Məsihi ilə Corcənə yola düşür.

Bu da həmin sürünən kölgələrin nə üçün səhraya düşmələrinin qısa tarixçəsi... Onlar əslində Corcən yolundadırlar. Lakin üçüncü adam – səhra bələdçisi, naşılıqdan yolu səhv salır. Nəticədə qoca Məsihi ilə xəstə İbn Sina səhranın vəhşi sükutu ilə üz-üzə qalır. Qoca Məsihi dünyasını elə həmin səhrada dəyişir. İbn Sina onu oradaca dəfn edir. Ümidsiz halda bələdçi ilə birlikdə yoluna davam edir. Bəxti onda gətirir ki, Corcənə çatar-çatmaz huşunu itirən zaman, insanlardan uzaq, kimsəsiz bir evdə yaşayan qoca onu tapır və iki həftəyə özünə gətirir...

Gizli qalan sirr – İbn Sina

Qərbdə Avisenna, Şərqdə isə “təbiblərin hökmdarı” kimi tanınan İbn Sinanın adı Asiya üçün uzun əsrlərdi ki, qəndil rolunu oynayır. Onsuz da günəşi batmaqda olan Şərqə düşən adda-budda işıq parçaları elə İbn Sina və onun kimi nadir şəxslərə aiddir.

Yuxarıda haqqında danışdığımız Məsihi dövrün böyük alimi, Hippokrat və Qalenin davamçısı idi. Onunla İbn Sinanın birgə çalışmaları Xarəzmdə baş tutdu. Buxarada saray çevrilişi olanda İbn Sina Xarəzmə köçür. Çox keçmədən böyük alim Əbu Reyhan Biruni və Məsihi də bura gəlirlər. Onlar birlikdə çalışır, fizika və kimyadan təcrübələr aparır, gecələr ulduzları, meteoritlərin düşməsini seyr edirdilər. Məsihi ilə İbn Sina insan bədəninin quruluşunu öyrənməyə başlayır. Hələ gənc ikən İbn Sinanın başına elm təşnəsi olan şagirdlər toplaşır. Onların içində hətta ağsaqqal adamlar da olurdu. 18 yaşı olanda fizika, fəlsəfə və astronomiya üzrə Şərqin böyük alimləri ilə yazışır, diskussiyalara girirdi.

Bibliyadan sonra ikinci

İbn Sina taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, baş ağrıları, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz, fənər kimi işıq şüalandırır və bu şüaların obyektə dəyib qaytması ilə insan görür.

İbn Sinanın elmi irsi çox böyükdür. Tam dəqiq olmasa da, 450-yə qədər əsər yazdığı güman edilir. Bunlar çox müxtəlif sahələri əhatə edir: fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s. Ən məşhur kitabı isə «Qanun ət-Tibb» adlanır. Beşcildlik kitabda farmokologiya haqqında əsas biliklər, ürəyin, qara ciyərin, beyinin detallı təsviri verilir. Bundan başqa, taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bilgilər toplanıb. Qısa müddətdə «Qanun» bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira ediləndən sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə «Qanun» olub. Avropada beş əsrdən artıq müddətdə tibbi bu kitabdan öyrəniblər. Yalnız 800 il keçəndən sonra fransız alimi Paster yoluxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında İbn Sinanın hipotezini sübut etməyə müyəssər oldu”.

İbn Sina rəvayətlərdə

Yenidən səhraya qayıdaq. Artıq müəllimini orada dəfn edərək yola düşən İbn Sinanın özü də bərk yorğun və xəstədir. O, da mənzilbaşına çatıb-çatmayacağını dəqiq bilmir. Gözlərinin önündə xalqın və sarayların ona həkim və bilici kimi etdikləri misilsiz hörmət canlanır. Amma indiki durumuna baxaraq bu ziddiyyətin acı təsirindən gülümsəyir. Haqqında gəzən bir çox rəvayətləri xatırlayır.

Həqiqətən də elə olmuşdumu? Deyirdilər ki, İbn Sina onu aldatmaq istəyən bir qadını biliyi ilə rüsvay edib. Yanına gələn xəstələr çox olduğundan o, hamının əlinə kəndir bağlayıb, onlara toxunaraq, yəni nəbzin döyülməsini müşahidə edərək xəstəlik barəsində düzgün qərarlar verirmiş. Bir gün bir qadın onu ələ salmaq üçün paltarının altında gizlədiyi pişiyə kəndiri bağlayaraq, onu İbn Sinaya uzadır. İbn Sina kəndirə əl vuran kimi məsələni anlayır və “tezliklə pişik doğacaqsan” deyə cavab verir.

İbn Sina səhrada barəsində gəzən rəvayətləri bir-bir düşünərək gülümsəyir. Amma bilmir ki, öləndən sonra onun təbib kimi gücünü əks etdirəcək əsas rəvayət dildən-dilə gəzəcək. Hamı qırxıncı şüşədən danışacaq. O, yaşadığı şəhərlərin birində sadiq şagirdi Cüzcani ilə tanış olacaq, tibbin bütün sirlərini ona öyrədəcəkdi. Elə qırxıncı şüşənin sirrini də… Rəvayət olunur ki, İbn Sina mədə xorasından müalicəni gecikdirdiyi üçün bağırsaqları yara basır. Dərman hazırlamaq istəsə də bunun artıq gec olduğunu anlayır. Odur ki, 40 şüşə qabda dərman hazır edərək tələbəsi Cüzcaniyə verir. Tapşırır ki, bu 40 şüşəni ardıcıllıqla və xüsusi üsulla öləndən sonra onun üzərinə çəksin. Sirli məhlullar get-gedə onu sağaldacaq və nəticədə qırxıncı şüşənin istifadəsindən sonra İbn Sina diriləcəkdi. Hər halda rəvayətdə belə deyilir. Şagirdi İbn Sinanın ölümündən sonra onun dediklərini edir. Hər gün nəşin nəinki korlandığını əksinə get-gedə yaşılaşdığını görür. İş o yerə çatır ki, sonuncu qırxıncı şüşədə ölünün diriləcəyi fikrincən qorxuya düşən şagirdin əlləri əsir və şüşə yerə düşərək sınır…

İbn Sina və Azərbaycan

Cüzcani onun ilk və ən sevimli şagirdi sayılsa da, İbn Sinanın əsas davamçısı ola bilmədi. Bu missiyanı böyük həmyerlimiz Bəhmənyar Azərbaycani daşıdı. Azərbaycan filosofu Bəhmənyar ibn Mərzbanla İbn Sinanın tanışlığı haqqında maraqlı bir rəvayət var: İbn Sina tanınmış alim olanda Bəhmənyar hələ uşaq imiş. Rəvayətə görə, bir gün İbn Sinanın iş otağına qonşuluqda yaşayan bir uşaq gəlib deyir ki, ocaq qalamaq üçün onlara köz lazımdır. Alim uşağa deyir: «Sən özünlə heç nə gətirməmisən. Közü necə aparacaqsan?» Uşaq bir anlığa duruxur. Sonra yerdən bir ovuc torpaq götürüb deyir: «Közü bura qoyun». Alim uşağın fərasətinə heyran olur. İbn Sina isə onun valideynlərinin yanına adam göndərib xahiş edir ki, uşağın onun şagirdi olmasına icazə versinlər. Bəhmənyar İbn Sina haqda xatirələrində belə yazır: “Bir dəfə şənbə günü fəxrlə dərsə gəlmişdik. Elə oldu ki, müzakirədə lazımınca iştirak edə bilmədik. Müəllimimiz dedi: “Görünür, sizin istirahət gününüz faydasız keçib”. Mən də yoldaşlarım kimi cavab verdim ki, istirahət günü gəzməyə getmişik, buna görə də dərsimizi yaxşı öyrənə bilməmişik. Bu cavabdan sonra müəllim ah çəkərək, gözü yaşarmış halda söylədi: “Kəndirbaz işi ilə gündəlik məşğul olduğundan, öz kamilliyi ilə hər şeydən baş çıxaran müdrikləri belə heyrətə sala bilir. Niyə sizin aranızdan bir ağıllı və müdrik uşaq çıxmadı ki, dərs oxumağı avaraçılıqdan üstün tutsun?” İbn Sina özü yazırdı ki, Bəhmənyar ona doğma oğlundan da yaxındır.

Əl Cüzcani üçün qeydlər

Amma Cüzcaninin əsas xidməti bir şəhərdən o birinə köç edən, birində vəzir olub, o birisində zindanda yatan müəlliminə sadiqliyi olub. Cüzcani olmasaydı, İbn Sina bəlkə də 29 elm sahəsində 450 əsər yaza bilməzdi. Cüzcani onu sanki yazmağa sövq edirdi. İndiyə qədər bir insan tərəfindən yazılmış ən böyük ensiklopediya kimi rekordlar vuran “Şəfa” və Avropa alimlərinin “çörək ağacı” olan “Tibb qanunları” kitabını o, diktə edib, Cüzcani isə nəfis xətlə köçürüb. Yazıya sonluq da həmin “Tibb qanunları” kitabından seçiləndir.

“Başın ağrıdısa, qan al” - Böyük alim həcaməti, yəni bədəndən pis, qara, çirkli qanların xaric edilməsini, el arasında deyildiyi kimi, qan aldırmağı başağrısının ən yaxşı dərmanlarından biri kimi göstərir: “Atəşli başağrıları qandan gəlir. Üz qızarması, damarların yığılması, nəbzin sürətli vurması başağrılarının əsas əlamətləridir. Bu zaman qan verməklə yanaşı, yumurta sarısı, armud və sirkənin qəbulu çox faydalıdır”.

“Eşq acısı çəkənləri hamama apar” - uğursuz sevgidən sonra insanın üzləşəcəyi kəskin depressiyanın dərmanını İbn Sina hələ X əsrdə vermişdi. O, eşq acısı çəkən, sayıqlayan, yuxusu ərşə şəkilən şəxsin müəyyən müddətdə hər gün hamama aparılmasını və bənövşə yağından istifadəni məsləhət görür. Çünki dəri nəmləndikcə insan nisbətən rahatlanır və üzləşdiyi gərgin depressiyadan azacıq da olsa, xilas olur.

Xəbər lenti