Logo

Müəllim və müəllim olmaq istəyənlər üçün kitab tövsiyələri – SİYAHI

14.07.2024 12:05 493 baxış
IMG

Müəllimlər təhsil sisteminin əsasını təşkil edir və dəyişən müasir dünyada daim öz üzərlərində işləmək, ömürboyu öyrənmək ehtiyacı duyurlar. Müəllimlər öz şəxsi inkişafı ilə təhsil sistemində irəliləyişlərə dəstək verə bilərlər. Bunun üçün də ən yaxşı yollardan biri də məhz kitab oxumaqdır. Kitab oxumaq nə qədər vacibdirsə, hansı kitabları oxumaq da bir o qədər vacibdir.

 

Bu yazımızda şagird və tələbələrlə daha yaxından ünsiyyət qurmaq, müxtəlif təhsil təcrübələri haqqında məlumatlanmaq, təlim-tədris prosesini effektiv təşkil etmək istəyən müəllimlər, həmçinin müəllim olmaq istəyənlər üçün müəyyən kitablar topladıq.

 

“Azərbaycan müəllimi” olaraq pedaqoqların müəllimlər və müəllim namizədlərə tövsiyə etdiyi kitabların bir qismini oxucular ilə bölüşürük.

 

Daniel Qoleman – “Emosional zəka”


Emosional zəka sahəsində məşhur ekspert və məşhur psixoloq Daniel Qoleman psixologiya sahəsində yenilik yaradan bu kitabında emosional zəkanın (EQ) IQ-dən daha vacib olduğunu sübut edir. Müəllifin tədqiqatlarına görə, emosional zəka insanın bütün fəaliyyətinə, o cümlədən təhsil həyatına təsir edir. Onun yoxluğu insanın həm şəxsi, həm də iş həyatında uğur qazanmasına, sosial münasibətlərinə və sağlamlığına mənfi təsir göstərir. Müəllifin fikrincə, emosional zəka anadangəlmə deyil, fəaliyyət və vərdişlər nəticəsində qazanılır. Psixoloq Qoleman bu kitabında zəka anlayışını yenidən təhlil edir, həmçinin uğur və intellekt testlərinin əsasını təşkil edən IQ şkalasının uşağın gələcək uğurunu proqnozlaşdırmaq üçün kifayət etmədiyini müdafiə edir. Bəs emosional zəka nədir? Onu ölçmək olarmı? Adi zəka emosional zəkadan nə ilə fərqlənir? Kədərin, qəzəbin, depressiyanın, qorxunun, həyəcanın, stresin, utancaqlığın, bədbinliyin öhdəsindən necə gəlmək və uğur qazanmaq olar? Ən əsası tədris prosesində şagirdlərdə bu zəkanın inkişafını necə dəstəkləmək olar? Bu və digər mühüm suallara bu kitabı oxuyaraq cavab tapmaq mümkündür.

 

 

 

David Elkind – “Oyunun gücü”

 

Uşaq inkişafı üzrə mütəxəssis David Elkind bizi inandırır ki, planlaşdırılmamış, yaradıcı oyun uşaqları akademik və sosial həyatda uğura hazırlamaq üçün daha yaxşı bir vasitədir. Bu kitab evdə, məktəbdə və cəmiyyətdə uşaqların həyatında mühüm rol oynayan oyunların necə səmərəli tətbiq edilə biləcəyini izah edir. Qeyd edək ki, kitab müəllim və müəllim olmaq istəyənlərlə yanaşı, təhsil və inkişaf psixologiyası sahəsində çalışanlar, məktəbəqədər təhsil mütəxəssisləri və valideynlər üçün də olduqca maarifləndirici mənbədir.

 

 

 

 

 

 

Jan Jak Russo –“Emil və ya tərbiyə haqqında”

 

Russo ilə birlikdə müəllim mərkəzli təhsildən başlayaraq şagird mərkəzli anlayışa qədər təkamül prosesi başlamışdır. Russo bu əsəri ilə pedaqoji fəaliyyətə yeni anlayış və baxışlar gətirib. Bu işdə mütəfəkkir uşaq və onun inkişafını mərkəz hesab edərək öz-özünə inkişaf edən pedaqoji ideya yaradır. Onun fikrincə, bir şəxsiyyət kimi uşağın anadangəlmə bir çox xüsusiyyətləri var. Təlim-tərbiyənin vəzifəsi uşağı sıxışdırmadan, təbii qaydada onun mövcud qabiliyyətlərini inkişaf etdirməkdir. Uşaqların yaş dövrləri və inkişaf mərhələlərini müxtəlif dövrlərə ayıraraq təhlil edən Russo kitabda uşaqların düzgün təlim-tərbiyə alması, istedadlarının üzə çıxarılması, mənəvi dəyərlərin aşılanması kimi mühüm məsələlərə diqqət çəkib.

 

 

 

 

 


Viliyam Qlasser – “Uğursuzluğun olmadığı məktəb”
 

Qlasser bu kitabında uğursuzluq məsələlərini həll etmək üçün müəllimlərin tələbə və şagirdləri alternativ metodlarla tədrisə cəlb etmələrini tövsiyə edir. Ona fikrinə əsasən, məsuliyyət hissinin formalaşdırılması ilə uşaqların potensialını üzə çıxarmaq mümkündür. Əsərdə məktəblərdə daha uğurlu bir ekosistemin necə qurulmalı olduğunu göstərmək üçün real təcrübələr əks olunur. Kitab müəllimlərə və məktəb rəhbərlərinə praktiki məsləhətlər təqdim edir, həmçinin təlim-tədris prosesində yaradıcı və effektiv metod və vasitələrin istifadə edilməsinin önəmini vurğulayır.

 

 

 

 


Daniel Pennak – “Məktəb sıxıntısı”



Kitab məktəb dövründə tənbəl şagird olan Daniel Pennak tərəfindən öz real təcrübələri əsasında yazdığı avtobioqrafik romandır. Müasir fransız ədəbiyyatının ən uğurlu yazıçılarından biri olan Pennak məktəbi “pis” şagird nöqteyi-nəzərindən yenidən şərh edir. Uğursuzluğun yaratdığı məyusluq hissi, başa düşülməmək, şagirdin zəif qiymətlərə görə aşağılanması, valideyn təzyiqinin və s. bir şagird üzərində yaratdığı təsirlər yumoristik bir yanaşma ilə oxucuya çatdırılır. Təhsilə və məktəblərə yanaşmada tabuları qıran bu kitab dünyanın bir çox yerində müəllimlər tərəfindən maraqla oxunur.
 

 

 

 

 

 

Malkolm Qladvel – “Dahilər və autsayderlər”



Bu kitab qeyri-adi davranış nümayiş etdirən insanlar haqqındadır. O insanlar ki, onların hərəkətləri və nai­liyyətləri adi çərçivədən kənara çıxır, o insanlar ki, alim­lər onları müstəsna kimi səciyyələndirir. Kanadalı sosioloq, jurnalist Gladvel bizi belə qeyri-adi adamlarla – dahilərlə, biznesmenlərlə, rok ulduzları, kom­püter proqramçıları ilə və s. ilə tanış edir. Həyatda uğur qazanmış vəkil­lərin sirrini açır, olduqca peşəkar və sıravi pilotlardan danışır, asi­yalıların riyaziyyatda niyə belə xüsusi istedadlı olduğunu, niyə bəzi şagirdlərin dərslərində digərlərinə nəzərən daha yaxşı olduğunu əsaslandırır. Müəllif qeyri-adi insanların həyatını öyrəndikcə sübut etməyə çalışır ki, bizim uğur anlayışı haqqında təsəvvürlərimiz yanlışdır. 
 

 

 

 

Qriqoriy Petrov – “Bəyaz zanbaqlar ölkəsində”

 

Finlandiyanın milli dirçəliş hekayəsini əks etdirən bu əsər hər bir təhsil işçisi üçün oxunması vacib olan kitablardandır. Qriqoriy Petrov tərəfindən yazılan bu əsər Finlandiyanın tarixi dövrlər boyu isveçlilər və rusların hakimiyyəti altında olan, lakin milli xüsusiyyətlərini, milli-mənəvi dəyərlərini qoruyub saxlayaraq yenidən azadlığa qovuşmasını əks etdirir. Kitabda Finlandiyanın məhdud resurslarına baxmayaraq, onların milli ruhunu və dəyərlərini qorumaq üçün səyləri vurğulanır, məhz təhsil vasitəsilə ölkələrinin inkişafına nail olmaları diqqətə çatdırılır. Müəllimlər bu əsəri oxuyaraq şagirdlərinə milli dəyərlər, mədəniyyət və tarixin vacibliyini daha dərindən təbliğ edə bilərlər.

 

 

 


 

Cəlil Məmmədquluzadə – “Anamın kitabı”

Dahi ədibimiz Cəlil Məmmədquluzadənin bu əsərində XX əsrin əvvəllərində Azərbaycanda yaşanan mürəkkəb ictimai-siyasi vəziyyət və milli-mənəvi dəyərlərə etinasız münasibət faciəvi şəkildə təsvir olunur. Əsər qardaşlar Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahidin hekayəsindən yola çıxaraq, milli birlik və vətənpərvərlik anlayışının vurğulanmasına həsr olunub. Qardaşların aldıqları təhsilin öz vətənlərinə fayda verməməsi xalqın milli-mənəvi dəyərlərə laqeyd münasibəti ilə müşahidə olunur. Əsərdə hadisələr bir ailə çərçivəsində təqdim olunub. Çünki burada ailə cəmiyyətin rəmzi kimi götürülüb. Əsərdə yer alanlar üç qardaşın komediyası, ananın faciəsi, Gülbaharın dramıdır. Gülbaharın monoloqu sanki milli birlik marşı kimi səslənir.

Xəbər lenti