Norveçdə IB məktəb proqramı üzrə təhsil alan azərbaycanlı Səbinə Quliyeva Fizika İnstitutunun qonağı olub.
İnstitutdanTehsil.biz bildirilib ki, görüşün məqsədi Fizika İnstitutunda aparılan elmi tədqiqat işləri, elmi müəssisədə mövcud olan müasir maddi-texniki baza haqqında məlumat əldə etmək və təhsil dövründə qazandığı biliklərin real tədqiqat mühitində yerini müəyyənləşdirmək olub.
İnstitutun elmi katibi Afət Kərimova və Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov Səbinə Quliyeva ilə görüşüblər. Görüşdə qonağa institutun fəaliyyət istiqamətləri, elmi araşdırmaları barədə məlumat verilib, gələcək əməkdaşlıq imkanları haqqında müzakirə aparılıb. Vurğulanıb ki, Fizika İnstitutu perspektivli və həvəsli gənclərə hər zaman dəstək olmağa hazırdır.
Səbinə Quliyeva İngiltərə və Norveçdə bir neçə aparıcı universitetlərdə təhsilini davam etdirmək üçün müraciət edəcəyini bildirib. O, fizika elminə böyük marağı olduğunu vurğulayıb. Səbinə Quliyeva bu istiqamət üzrə bakalavriat təhsilini davam etdirmək istədiyindən Fizika İnstitutu ilə tanış olduğunu söyləyib. O, Azərbaycanda fizika və riyaziyyat fənləri üzrə bir sıra olimpiadalarda iştirak etdiyini və mükafata layiq görüldüyünü bildirib. Qeyd edib ki, Norveçdə regional səviyyədə təşkil olunmuş olimpiadanın da qalibi olub.
Daha sonra institutun əməkdaşları Səbinə Quliyevaya laboratoriyalarda aparılan tədqiqatlar, istifadə olunan avadanlıqlar haqqında məlumat veriblər.