Sosial şəbəkələrdə bəzi universitetlərin tələbələrə diplomu təqdim etməməsi ilə bağlı fikirlər səslənidirilir. Belə ki, tələbələrin bir qismi qeyd edir ki, diplomlarını hələ də ala bilməyiblər.
Sorğumuza cavab olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nicat Abdullayev qeyd edib ki, ali təhsilini bakalavirat, magistr səviyyəsini başa vurmuş tələbələrin diplomlarının alması prosesi uzanır:
“Hər il bu proses belədir. Universitetdə bütün akademik borclar tələbə tərəfindən ödənildikdən sonra, bununla bağlı məlumatlar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə göndərilir və orada yoxlamalar aparılır.
Yoxlamalar olduqdan sonra hər məzunun adına xüsusi kodla diplom göndərilir. Diplomun içi işlənilir və imzalandıqdan sonra tələbələrə təqdim edilir. Bu proses təxminən oktyabr-noyabr, bəzən bundan da çox uzana bilir. Amma bu kifayət qədər vaxt tələb edən iş olduğuna görə oktyabr-noyabr ayına düşməsi heç də təsadüfi deyil”.
Azərbaycan Universitetinin (AU) mətbuat katibi Lalə Dilanova söyləyib ki, məzunlara diplomları oktyabr-noyabr aylarında təqdim edilir:
“Ötən ilin məzunlarından diplomunu universitetdən hələ də götürməyənlər var ki, onların əksəriyyəti hərbi xidmətdə olanlardır. Diplom, attestat kimi sənədlər şəxsin yaxınlarına, ailə üzvlərinə yalnız etibarnamə ilə verilə bilər.
Cari ilin məzunları zərurət yaranarsa, arayışla təmin olunurlar”.
Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadə qeyd edib ki, cari tədris ilində məzun olanların diplomları hələ hazır deyil:
“Mingəçevir Dövlət Universitetindən məzun olanların diplomları adətən sentyabr ayının ortalarından verilməyə başlanılır”.
Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova söyləyib ki, diplomların yazılması, Bakıya göndərilməsi və təsdiq edilməsi uzun bir prosesdir:
“54 ali təhsil müəssisəsi var və onlar növbəli şəkildə diplomları alırlar. Ona görə də bizim univeristetdə hələki növbədə qalıb. Diplomlar yaxın vaxt ərzində veriləcək.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirib ki, diplomlar oktyabrdan sonra verilir.
Azərbaycan Dillər Universitetindən (ADU) bildirilib ki, universitetdə hazırda diplom almayan tələbə yoxdur:
“Diplomların verilməməsi və ya gecikdirilməsi yalnız təhsil haqqının ödənilməməsi hallarında baş verə bilər”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib ki, bu il universitetin 4500-ə yaxın məzunu var:
“Hər bir tələbənin adı ali məktəblər tərəfindən elektron sistemə daxil edilir. Tələbələrlə bağlı məlumatlar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə göndərilir və orada yoxlamalar olur. Sistem yekunlaşdırıldıqdan sonra tələbənin sayına görə diplomlar tədqim edilir. Diplomların yazılması, möhürlənməsi və çap olunması müəyyən vaxt tələb edən bir prosesdir”.
Bakı Slavyan Universitetindən (BSU) bildirilib ki, tələbələrə oktyabrda diplomlar təqdim ediləcək.